Daha çox təravətləndirici ətri və həzm sistemini sakitləşdirici təsiri ilə tanınan nanə yağı yüngül yüksək qan təzyiqi olan insanlar üçün də gözlənilməz fayda verə bilər.
Lankaşir Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, cəmi 20 gün ərzində hər gün az miqdarda nanə yağı qəbul etmək sistolik qan təzyiqini (təzyiq ölçülərkən yuxarı göstəricini) əhəmiyyətli dərəcədə azaldıb. Başlanğıc təzyiq göstəriciləri nəzərə alındıqdan sonra nanə yağı qəbul edən iştirakçılarda sistolik göstəricilər plasebo (təsirsiz maddə) qəbul edənlərlə müqayisədə orta hesabla 8,5 mm civə sütunu daha aşağı olub.
"PLOS One" jurnalında dərc olunan tapıntılar göstərir ki, nanə yağı yüngül yüksək qan təzyiqini idarə etmək üçün sadə, ucuz və orqanizm tərəfindən yaxşı qəbul edilən bir üsul ola bilər.
Araşdırmanın aparıcı müəllifi, İdman və Sağlamlıq Elmləri üzrə dosent Dr. Conni Sinkler bildirib: "Yüksək qan təzyiqi dünya üzrə ürək xəstəliklərinin və ölümlərin ən böyük səbəblərindən biridir və onun müalicəsi böyük məbləğdə vəsait tələb edir. Müalicə üçün adətən dərmanlardan istifadə olunsa da, onların uzunmüddətli dövrdə nə dərəcədə təsirli olduğu həmişə aydın olmur və arzuolunmaz yan təsirlər yarada bilirlər."
Nanə yağı qan təzyiqini necə aşağı sala bilər?
Nanənin tərkibində təbii olaraq bir neçə bioloji aktiv birləşmə, o cümlədən bitkiyə özünəməxsus sərinlik hissi verən mentol və antioksidant xüsusiyyətləri ilə tanınan flavonoidlər var. Nanə həm də iltihabəleyhinə və damargenişləndirici təsirə malikdir, yəni qan damarlarının boşalmasına və genişlənməsinə kömək edə bilər. Damarlar genişləndikdə qan daha rahat axır və arteriya divarlarına düşən təzyiq azalır.
Bu potensial faydaları araşdırmaq üçün tədqiqatçılar təzyiqi yüksək olan və ya 1-ci mərhələ hipertoniyadan əziyyət çəkən 18-65 yaş arası 40 yetkin insanı tədqiqata cəlb edib və onları təsadüfi üsulla iki qrupa bölüblər. Birinci qrup hər gün iki dozaya bölünmüş və suda həll edilmiş cəmi 100 mikrolitr (bir millilitrin onda biri qədər) qida təyinatlı nanə yağı qəbul edib. Digər qrupa isə tərkibində aktiv nanə yağı birləşmələri olmayan, sadəcə nanə dadı verən plasebo verilib.
Cəmi 20 gündə əhəmiyyətli yaxşılaşma
20 gündən sonra nanə yağı qəbul edən iştirakçılarda orta sistolik qan təzyiqi təxminən 130-dan 122 mm civə sütununa enib. Plasebo qrupunda isə təzyiq demək olar ki, dəyişməz qalıb.
Dr. Sinkler qeyd edib: "Tapıntılarımız çox müsbət oldu və ciddi klinik əhəmiyyət daşıyır. Nanə yağı aşağı kalorili və ucuz olduğu üçün bütün dünyada milyonlarla insanın müalicəsində potensial olaraq çox sadə və sərfəli həll yolu kimi özünü doğruldur."
Nəticələr ümidverici olsa da, tədqiqatda nisbətən az sayda insan iştirak edib və araşdırma üç həftədən az davam edib. Faydaların uzun müddət qalıb-qalmadığını müəyyənləşdirmək üçün daha genişmiqyaslı və uzunmüddətli klinik sınaqlara ehtiyac var.
Tədqiqatçılar xüsusi olaraq daxilə qəbul üçün nəzərdə tutulmuş qida təyinatlı nanə yağından istifadə ediblər. Bu tapıntılar həkim tərəfindən təyin olunmuş təzyiq dərmanlarını dayandırmaq və ya daxilə qəbul üçün nəzərdə tutulmayan efir yağlarını içmək üçün əsas kimi qəbul edilməməlidir.
Mənbə: ScienceDaily / Lankaşir Universiteti
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov