1940-cı ilin yanvar ayı idi və Böyük Britaniya ciddi bir problemlə üz-üzə qalmışdı. Almaniyanın idxal gəmilərinə hücumları kəskin qida çatışmazlığı yaratmaq və ölkəni aclıqla təslim olmağa məcbur etmək təhlükəsi yaradırdı. Bir gecədə sərt qida norması (kartoçka sistemi) tətbiq olundu və şəkər kimi əsas ərzaq məhsullarının alışına məhdudiyyət qoyuldu.
Onilliklər və bütöv bir ömür keçdikdən sonra aparılan araşdırmalar göstərir ki, 1950-ci illərə qədər davam edən bu məcburi şəkər məhdudiyyəti müharibədən sonrakı bütöv bir nəslin sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
"PNAS" jurnalında dərc olunan məqalədə tədqiqatçılar "UK Biobank" bazasından əldə edilən məlumatlar əsasında 1951–1956-cı illər arasında Böyük Britaniyada doğulmuş 64.761 nəfərin sağlamlıq göstəricilərini təhlil ediblər.
Şəkər norması 1953-cü ilin sentyabrında tamamilə ləğv edildi və bundan dərhal sonra orta şəkər istehlakı iki dəfə artdı. Tədqiqatçılar həyatlarının ilk 1000 gününü (ana bətninə düşdüyü andan iki yaşına qədər) şəkər məhdudiyyəti dövründə keçirən körpələrlə, məhdudiyyət ləğv edildikdən dərhal sonra doğulan və bu limitlə qarşılaşmayan körpələrin yetkinlik dövründəki sağlamlıq vəziyyətini müqayisə ediblər.
Əvvəlki araşdırmalar şəkər məhdudiyyəti ilə böyüyən körpələrdə xroniki xəstəliklərin, Alzheymer riskinin daha az olduğunu və ürək-damar sağlamlıqlarının daha yaxşı qaldığını göstərmişdi. Yeni tədqiqat isə bu amilin xərçəng riskinə təsirini üzə çıxarıb.

Xərçəng riskində kəskin azalma
Şəkər məhdudiyyəti görməyən körpələrlə müqayisədə, ilk 1000 günündə şəkəri məhdudlaşdırılan körpələrdə yetkinlik dövründə qaraciyər xərçənginə tutulma ehtimalı 69 faiz daha az olub. Həmçinin onlarda digər xərçəng növlərinin də rastgəlmə tezliyi kəskin aşağı düşüb:
-
Prostat xərçəngi: 52 faiz az
-
Ağciyər xərçəngi: 41 faiz az
-
Düz bağırsaq xərçəngi: 40 faiz az
-
Süd vəzi xərçəngi: 36 faiz az
Daha yavaş bioloji qocalma və sağlam qidalanma vərdişləri
Bu qrupdakı insanlarda uzunömürlülüklə əlaqələndirilən və genetik materialımızı qoruyan xromosom ucluqlarının — telomerlərin daha uzun olduğu müşahidə edilib. Tədqiqatçıların hesablamalarına görə, bu fərq təxminən 2,2 il daha az bioloji qocalmaya bərabərdir.
Bundan əlavə, erkən yaşda az şəkərlə qidalanan uşaqlarda formalaşan dad vərdişləri ömür boyu davam edib. Kembric Universitetinin tədqiqatçısı Veylonq Janq bildirib ki, burada iki mexanizm işləyir: birincisi bioloji amildir (erkən qidalanma maddələr mübadiləsi, orqanlar və immun sisteminin inkişafını formalaşdırır), ikincisi isə davranış amilidir (erkən yaşda daha az şirin dada öyrəşmək vərdişi sonradan da dəyişmir).
Alimlər arasında mübahisə və ehtiyatlı yanaşma
Bəzi mütəxəssislər nəticələrin ehtiyatla şərh edilməli olduğunu vurğulayırlar. İtaliyanın Focca Universitetinin tibb alimi Nikola Çirillo tarixi sənədlərə istinad edərək qeyd edib ki, həmin dövrdə iki yaşa qədər uşaqlara verilən dövlət quru südünün hazırlanmasında hər qidalanma üçün 1,5 çay qaşığı şəkərdən istifadə olunurdu, buna görə də körpələrin heç şəkər almadığını demək doğru deyil.
Tədqiqatın müəllifləri də bu qeydlə razılaşaraq tapıntıların konkret şəkər dozasından çox, ümumi qida norması rejiminin təsirini əks etdirdiyini bildiriblər. Veylonq Janq əlavə edib: "Bu o demək deyil ki, uşaqlar ümumiyyətlə şəkər yeməməlidir və müharibədən sonrakı qida kartoçkası sistemi arzuolunan siyasətdir."
Mənbə: ScienceAlert
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov