Ölkə.az bildirir ki, xüsusilə yəhudi əsilli qadınların taleyi Stalinin şəxsi nifrətinin, siyasi paranoyasının və antisemitizm siyasətinin qurbanına çevrildiklərini göstərib. Sovet rəhbərliyində təmsil olunan bir sıra şəxslərin həyat yoldaşları əvvəlcə inqilabi hərəkatda iştirak edib, sonradan yüksək vəzifəli bolşeviklərlə ailə qurublar. Lakin 1930-cu illərin sonlarından etibarən onların bir çoxu üçün bu yaxınlıq üstünlük deyil, təhlükə mənbəyinə çevrilib.

1937–1938-ci illərdə həyata keçirilən “böyük terror” zamanı Stalin rejimi minlərlə partiya və dövlət xadimini, hərbçini, ziyalını və adi vətəndaşı repressiyaya məruz qoyub. İnsanlar saxta ittihamlarla həbs edilib, işgəncələrə məruz qalıb, güllələnib və ya “QULaq” düşərgələrinə göndəriliblər. Repressiyaların ən dəhşətli tərəflərindən biri isə günahsız insanların ailə üzvlərinin də cəzalandırılması olub. II dünya müharibəsindən sonra bu siyasət yeni istiqamət alıb. Stalin rejimi yəhudi ziyalılara və ictimai xadimlərə qarşı təzyiqləri artırıb. “Köksüz kosmopolitizm” və “sionizmlə əlaqə” kimi ittihamlar siyasi təqib vasitəsinə çevrilib. Beləliklə, sovet vətəndaşlarının etnik mənsubiyyəti belə onların təhlükəsizliyini müəyyənləşdirən amillərdən birinə çevrilib.

Aleksandr Poskrebışev Stalinin ən yaxın və etibarlı əməkdaşlarından biri olub. Uzun illər onun şəxsi katibi vəzifəsində çalışan Poskrebışev dövlətin ən məxfi sənədləri ilə işləyib, rəhbərin gündəlik fəaliyyətini təşkil edib. Lakin bu sədaqət belə ailəsini xilas etməyə kifayət etməyib.

1939-cu ildə həyat yoldaşı Bronislava Metallikova həbs edilib. Onun qardaşı Mixailin Lev Trotski ilə uzaq qohumluq əlaqəsi olması qadının təqib edilməsinə əsas kimi göstərilib. Poskrebışev həyat yoldaşını xilas etmək üçün Stalinə müraciət etsə də, diktator onun yalvarışlarına məhəl qoymayıb.

Stalinin ona deyib: “Sənə arvad sənə lazımdır? Sənə başqa arvad taparıq” . 1941-ci il oktyabrın 13-də Bronislava güllələnib. NKVD isə öz əməkdaşlarından birini “Poskrıbışevin arvadı” vəzifəsinə təyin edib.
Stalinin oğlu Yakov Cuqaşvili yəhudi əsilli Yuliya Meltserlə ailə qurub. Odessada rəqqasə kimi çalışan Yuliya Stalinin xoşuna gəlməyib. Diktator oğlunun seçimini bəyənməyib, onun şəxsi həyatına da müdaxilə edib. Buna baxmayaraq, Yakov 1938-ci ildə Yuliya ilə evlənib və onların Qalina adlı qızı dünyaya gəlib. 1941-ci ildə Yakov almanlara əsir düşəndən sonra həyat yoldaşı da şübhə altına alınıb. Sovet təhlükəsizlik orqanları onu həbs edib və təxminən iki il saxlayıb.

Yuliya 1943-cü ildə azadlığa buraxılıb. Yakov isə həmin il Zaksenhauzen həbs düşərgəsində həlak olub. Stalin oğlunun əsir düşməsini şəxsi faciə kimi deyil, daha çox siyasi və ailəvi rüsvayçılıq kimi qiymətləndirib.

Sovet rəhbərliyinin digər üzvü Andrey Andreyevin həyat yoldaşı Dora Xazan da Stalinin narazılığına tuş gəlib. O, diktatorun həyat yoldaşı Nadejda Alliluyevanın yaxın rəfiqəsi olub. Nadejdanın 1932-ci ildə intiharından sonra Stalin onun yaxın çevrəsinə qarşı münasibətini dəyişib.

Dora Xazanın 1949-cu ildə antisemitizm kampaniyası fonunda həbs edildiyi bildirilir. Ona qarşı irəli sürülən ittihamlar arasında sionist təşkilatlarla əlaqə və Krımda yəhudi muxtariyyəti yaratmaq niyyəti də yer alıb. Onun iki il düşərgədə saxlanıldığı, daha sonra sürgünə göndərildiyi barədə məlumatlar yayılıb.
Stalinin ən yaxın silahdaşlarından biri olan Vyaçeslav Molotovun həyat yoldaşı Polina Jemçujinanın taleyi də faciəli olub. Əsl soyadı Karpovskaya olan Polina sovet dövlətində müxtəlif yüksək vəzifələr tutub, yəhudi ictimai dairələri ilə əlaqələr qurub. O, həmçinin Nadejda Alliluyevanın yaxın rəfiqəsi olub.

1948-ci ildə İsrailin ilk səfiri Qolda Meirlə görüşməsi və yəhudi icması ilə əlaqələri Stalin tərəfindən şübhə ilə qarşılanıb. Diktator Molotovdan həyat yoldaşından boşanmağı tələb edib. Molotov bu tələbə tabe olub, lakin bu da Polinanı xilas etməyib.

1949-cu ilin yanvarında Polina həbs edilib, partiyadan xaric olunub və sonradan Qazaxıstana sürgün edilib. O, yalnız Stalinin ölümündən sonra, 1953-cü ildə azadlığa buraxılıb.(musavat.com)