Böyük Britaniya şahzadəsi, Sasseks hersoqu Harri Rusiyadan təhlükə yaranacağı təqdirdə zərurət olarsa, hərbi xidmətə qayıtmağa hazır olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, Ukraynanın Lvov şəhərinə səfəri zamanı "The Telegraph" nəşrinə müsahibəsində danışıb.

Şahzadə keçmiş hərbçiləri zərurət yaranacağı təqdirdə yenidən silahlı qüvvələrin sıralarına qoşulmağa hazır olmağa çağırıb.

"Məndən yenidən hərbi xidmətə qayıtmağım xahiş olunsa və buna ehtiyac yaransa, digər veteranlar və hazırda xidmətdə olan hərbçilərlə birlikdə ölkəmə xidmət etməyə 100% hazıram", - deyə Harri bildirib.

Qeyd edək ki, şahzadə Harri Britaniya ordusunda 10 il xidmət edib və iki dəfə Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak edib. O, həmin əməliyyatlar zamanı, o cümlədən "Apache" helikopterinin pilotu kimi xidmət göstərib. Harri 2015-ci ildə hərbi karyerasını başa vurub.

Onun sözlərinə görə, mövcud geosiyasi vəziyyət ciddi narahatlıq doğurur. Şahzadə hesab edir ki, Böyük Britaniya artıq təxminən 10 ildir Rusiya ilə münaqişə vəziyyətindədir.

"Bizə dronların, güllələrin və raketlərin tuşlanmaması müharibə vəziyyətində olmadığımız anlamına gəlmir", - deyə o vurğulayıb.

Harrinin fikrincə, Avropa Rusiyadan qaynaqlanan təhlükəni artıq dərk edib. Bununla belə, şahzadənin ən böyük narahatlığı Avropa ölkələrinin bir-birinə qarşı mübarizəyə başlaya bilməsi ehtimalıdır.

Şahzadə həmçinin Ukraynanın münaqişədə qalib gəldiyini düşündüyünü bildirib və Kiyevə dəstəyin azaldılmamasına çağırıb.

Onun sözlərinə görə, hazırda geri çəkilmək əvəzinə Ukraynaya göstərilən dəstəyi ikiqat artırmaq lazımdır.