Estoniya rəhbərliyinin gənc nəslə Rusiyaya qarşı nifrət aşıladığı iddia edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında bildirib.
Zaxarova sosial şəbəkələrdən birində yayılan videoçarxı da paylaşaraq, videoda estoniyalı yeniyetmələrin Rusiyadan qurtulmaq istədiklərini bildirdiklərini qeyd edib.
"Estoniya. Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallasın vətəni. Yeniyetmələrdən "dünya xəritəsindən hansı ölkəni silərdiniz?" sualına cavab vermələri istənilir. Rejim onları uzun illər ərzində necə öyrədibsə, elə də cavab verirlər. Bax belə bir "Hitleryugend" alınıb. Adolf Hitler 85 il əvvəl dəqiq olaraq eyni cavabı verirdi", - deyə diplomat qeyd edib.
"Mənim fikrimcə, bu, UNESCO və UNICEF üçün bu ölkəyə monitorinq missiyası göndərmək, gənclər arasında nifrətin və təcavüzkar ritorikanın səviyyəsini, eləcə də belə bir nəticəyə gətirib çıxaran təhsil proqramlarını araşdırmaq üçün əsasdır", - deyə Zaxarova əlavə edib.