Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib.
Oxu.Az-ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb.
Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümrah və enerjili hiss edib. Bu üsul artıq işə yaramadıqda isə o, gəzintiləri sınaqdan keçirməyə qərar verib.
"Bu təcrübənin üçqat məqsədi var idi - mən özümə işdən əvvəl daha çox boş vaxt ayırmaq, açıq havada daha çox vaxt keçirmək və fiziki aktivliyimi artırmaq istəyirdim", - deyə o izah edib.
Artıq bir neçə gündən sonra Elis Porter gəzintiləri sevib və iştahasının azaldığına da təəccüblənib.
"Mən səhər yeməyini həmişəkindən bir az gec yeyirəm, gün ərzində özümü tox hiss edirəm, qəlyanaltı etmək istəyim daha az olur və bu zaman da daha faydalı məhsullar seçirəm", - deyə o bildirib.
Diyetoloq Sofi Medlin təsdiqləyib ki, səhər gəzintisi digər fiziki məşqlər kimi aclıq hormonu olan qrelin səviyyəsini tənzimləməyə və GLP-1 də daxil olmaqla, iştahanı azaldan hormonların səviyyəsini artırmağa kömək edir.
Bundan əlavə, bir neçə günlük təcrübənin nəticələrinə əsasən, jurnalist özündə əhvali-ruhiyyənin yaxşılaşdığını və stres səviyyəsinin azaldığını qeyd edib. Sofi Medlinin sözlərinə görə, bu da gəzintilərlə əlaqəli ola bilər.
"Fiziki məşqlər sizə özünüzü daha yaxşı anlamağa və sinir sisteminin işini tənzimləməyə kömək edə bilər ki, bu da öz növbəsində emosional aclığın azalmasına kömək edə bilər", - deyə o izah edib.