Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb və Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə edib.
Oxu.Az bu barədə Volodimir Zelenskinin "Telegram" kanalına istinadən xəbər verir.
Liderlər Qara dənizdə təhlükəsizlik, xüsusilə, dəniz ixrac dəhlizinin fəaliyyətinin necə təmin olunması məsələsini müzakirə ediblər. Zelenskinin sözlərinə görə, bütün qitələrdəki ölkələr Ukraynanın ərzaq ixracından asılıdır və hazırda onun tam bərpası üçün müxtəlif variantlar nəzərdən keçirilir.
Zelenski Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstəyinə görə Ərdoğana təşəkkür edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin "ləyaqətlə və beynəlxalq hüquqa hörmətlə" başa çatması vacibdir.
Prezident türkiyəli həmkarını ABŞ komandası ilə təmaslar barədə məlumatlandırıb. Tərəflər, həmçinin ikitərəfli məsələləri - azad ticarət zonasını və potensial "Drone Deal" (dronlar üzrə saziş) layihəsini də nəzərdən keçiriblər.