Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Öz fəaliyyəti boyu humanizm prinsiplərini və bəşəri dəyərləri rəhbər tutan, dövlətin inkişafı və xalqın rifahı naminə yorulmadan çalışan Mehriban xanım bu gün hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.

Bəs uzun illərdir həm beynəlxalq arenada, həm də ölkə daxilində çoxşaxəli fəaliyyət göstərən Birinci vitse-prezidenti xalqın sevimlisinə çevirən əsas amillər nələrdir?

Bir xalqın mənəvi dəyərlərini, mədəniyyətini və tarixini özündə birləşdirən şəxsiyyətlər həmin xalqın ən dəyərli təmsilçilərinə çevrilirlər. Məhz xalqın arasından çıxaraq bu dəyərləri layiqincə təbliğ edənlər onu təmsil etmək hüququnu qazanırlar. Xalq isə bu hüququ yalnız ona xidmət yolunda yorulmadan çalışan, atdığı hər bir addımı, əldə etdiyi hər şəxsi uğuru xalqın nailiyyətinə çevirməyi bacaran insanlara verir.

Məhz bu kontekstdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı xalqın layiqli təmsilçisi, milli-mənəvi dəyərlərin fədakar təbliğatçısı və qüdrətli Azərbaycan ideallarının gələcək nəsillərə ötürülməsində müstəsna xidmətləri olan tamhüquqlu fərd adlandırmaq tamamilə yerinə düşür.

Tarixin şanlı səhifələrində xalqla birgə yer almaq - həm qürur duyulan bir şəxsiyyət, həm gələcəyi təmin edəcək siyasətçi, həm də keçmişə və gələcəyə işıq tutan ziyalı olmağı tələb edir. Bəzi hallarda tarixdə iz qoymaq asan görünsə də, xalqı layiqincə təmsil edərək varlığını onun tarixinə çevirmək böyük zəhmət və fədakarlıq istəyir. Bu gün biz Mehriban Əliyevanın simasında xalqla birgə tarix yazmağın nə qədər mürəkkəb olsa da, real və mümkün olduğunu görürük.

Məhz xalqla olan bu dərin bağlara görədir ki, Mehriban Əliyevanın heç vaxt xüsusi təqdimata ehtiyacı olmayıb. Uzun illərdir davam edən çoxşaxəli fəaliyyətinə nəzər saldıqda onu bir çox ali titullar, fəxri və elmi adlar, irimiqyaslı layihələr və beynəlxalq arenada ölkəmizin imicinin yüksəldilməsi üçün çiyinlərinə götürdüyü qlobal öhdəliklərlə tanımaq mümkündür.

Lakin Azərbaycan xalqının ən nəcib xüsusiyyətlərini özündə cəmləşdirən, sadəliyini isə birbaşa xalqın sevgisindən alan Birinci vitse-prezident başqa bir təqdimatı özü üçün ən ali məqam sayıb. O, bütün rəsmi titullardan üstün tutduğu sadə və səmimi bir müraciəti seçib: böyük təvazökarlıqla hər zaman "sizin Mehriban" olaraq təqdim edilməyə üstünlük verib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyevanın həyat yolu və onun mənsub olduğu ailə Azərbaycanın mənəvi dəyərlərinin, xüsusən də təvazökarlığın ən bariz əyani mənzərələrindən biri kimi önə çıxır. Qazanılmış hər hansı titulun xalqdan biri olmaqdan üstün olmadığını nümayiş etdirən bu irs böyük bir ictimai xadimin necə bir mühitdə formalaşdığını və hansı tarixi köklərə bağlı olduğunu ortaya qoyur.

Azərbaycan cəmiyyətində bir fərdin şəxsiyyət kimi formalaşması, onun dövlət və xalq həyatında layiq olduğu yeri tutması ilk növbədə böyüdüyü ailədən və ona aşılanan mənəvi keyfiyyətlərdən asılıdır. Azərbaycan ziyalısı və siyasətçisi üçün ən ideal təqdimat məhz xalqın böyük ailəsinin müqəddəs birliyinin bir üzvü olmaqdır. Bu təvazökarlıq xalqın içindən çıxaraq, onu təmsil etməkdən duyulan böyük qürur və fəxarət hissinin təcəssümüdür.

Bu baxımdan çox şanslı olan Mehriban xanım Azərbaycan ziyalısının inkişafı üçün ən ideal, elmi və mədəni ənənələrlə zəngin bir ailədə 1964-cü ildə dünyaya göz açıb.

O, Azərbaycanın ədəbiyyat və mətbuat tarixinin ən parlaq simalarının nəvəsidir. Onun babalarından biri - Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, məşhur yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevdir. Digər babası isə görkəmli elm xadimi, pedaqoq və Əməkdar jurnalist Nəsir İmanquliyevdir. Bu iki böyük şəxsiyyətin yaratdığı mənəvi təməl sonradan növbəti nəsillər tərəfindən ləyaqətlə davam etdirilib.

Bu zəngin mənəvi və elmi irs onun valideynlərinin timsalında ən yüksək zirvəyə çatıb. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimidir. O, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru və professordur.

Anası Aida İmanquliyeva isə Azərbaycan elmində, xüsusən də şərqşünaslıqda xüsusi iz qoymuş mütəfəkkirdir. Şərqşünas, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi olan Aida İmanquliyeva filologiya elmləri doktoru və professordur. Onun adı Azərbaycan elm tarixinə ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və ilk professor-qadın kimi qızıl hərflərlə yazılıb.

Beləliklə, Mehriban xanımın böyüyüb-başa çatdığı mühit, sadəcə, bir ailənin deyil, bütünlükdə Azərbaycanın ziyalı təbəqəsinin, elminin və mədəniyyətinin fəxarət duyduğu böyük bir ənənənin davamıdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Göründüyü kimi, Mehriban xanımın böyüdüyü mühitdə ziyalı kimi formalaşması, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, Azərbaycan xalqının daşıdığı bütün nəcib xüsusiyyətləri mənimsəməsi qaçılmaz hal idi. Təkcə babaları - məşhur yazıçımız Mir Cəlal Paşayev və görkəmli jurnalistimiz Nəsir İmanquliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyat və publisistikasının inkişafı üçün gördüyü işləri yada salsaq, Mehriban xanımın hansı mühitdə tərbiyə alması barədə aydın təsəvvürlər formalaşar. Üstəlik, valideynlərin də övladın həyatında, onun gələcək uğurlarının bünövrəsi üçün sağlam zəmin hazırlanmasında, ona həyatın məqsəd və məramlarının dərk etdirilməsindəki yeri və önəmi danılmazdır.

Azərbaycanın gələcəyinə işıq saçan, xalqın maariflənməsində, ölkədə mədəni mühitin, dəyərlərin formalaşmasında rol oynayan, hətta öndərlik edən bu cür ziyalıların ocağında yetişmək hər insana qismət olmayacaq bir xoşbəxtlik idi. Bu xoşbəxtlik isə sözün əsl mənasında gələcək şəxsiyyətin formalaşmasında əvəzsiz bir məktəbə çevrilmişdi.

Həmin məktəbin təlqin etdiyi böyük dəyərlər, müqəddəs ideallar və fikirlər sonradan həyatın bütün mərhələlərində rəhbər tutularaq, Mehriban Əliyevanın şəxsiyyət kimi tarix səhnəsində özünəməxsus yer almasını təmin edib.

Heç şübhəsiz, gələcək həyatın uğurlu təməli həm də təhsildən asılıdır. Bu təməlin sarsılmaz dayaqlar üzərində inşası üçün var gücü ilə çalışan Mehriban Əliyeva ali təhsil üçün N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini seçib. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyeva və İlham Əliyev 1983-cü ildə ailə həyatı qurublar. Bu evlilikdən üç övladları olub, doqquz nəvəyə sahibdirlər. Mehriban Əliyevanın müsahibələrində dediyi kimi, onun ixtisas seçimində həm anasının xəyalları, həm də İlham Əliyevin anası Zərifə Əliyevanın məsləhəti önəmli rol oynamışdı. Çünki büründüyü və layiqincə təmsil etdiyi Azərbaycan xanımı obrazı, şübhəsiz ki, böyüklərin təcrübə və dəyərli məsləhətlərinə dərin hörmət və ehtiram tələb edirdi.

Azərbaycan naminə bir çox sahələrdə uğurla çalışan Mehriban xanımın fəaliyyətində böyük önəm kəsb edən qurumlardan biri 1995-ci ildə öz təşəbbüsü ilə təsis etdiyi, hazırda da rəhbəri olduğu Azərbaycan Mədəniyyət Fondudur. Bir il sonra Azərbaycan mədəniyyətinin geniş auditoriyaya təbliğ olunması, bu misilsiz mədəniyyətin layiqincə təqdimatının həyata keçirilməsi məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan "Azərbaycan - İrs" jurnalı təsis edilir. Xarici aləmin Azərbaycan mədəniyyətindən, demək olar ki, bixəbər olduğu bir vaxtda fond və jurnal, onların hər ikisinə rəhbərlik edən Mehriban Əliyeva öz çiyinlərinə kifayət qədər mürəkkəb bir missiyanı götürmüşdülər. Bu missiyanı layiqincə yerinə yetirə bilməyin yeganə şərti - Azərbaycan sevgisi, uğura aparan yolun açarı, xalqın tarix və mədəniyyətinə vurğunluq idi.

Mehriban Əliyevanın fəaliyyətində mühüm yerlərdən birini Heydər Əliyev Fondu tutur. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Fond ümummilli liderin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin dövlətçiliyimizin formalaşmasında zəmin rolunu oynayan ideyalarının təbliği, gələcək nəsillərə öyrədilməsi və yaşadılması kimi önəmli vəzifələrin icrasını öhdəsinə götürüb.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyində həm də uzun illərdir Azərbaycanın qəhrəman övladlarının himayədarı kimi çıxış edir. İstər 1990-cı illərin Qarabağ döyüşlərində, istərsə də Vətən müharibəsində iştirak edən və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinin qayğısına qalmaq deyəndə ilk olaraq onun adı ağıllara gəlir. Şəhid ailələri ilə mütəmadi görüşlər, onların sosial-məişət problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması, qazilərimizin səhhəti ilə bağlı problemlərin həlli, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və s. görülən işlərin, sadəcə, kiçik bir qismidir.

Fond həm də Azərbaycan ədəbiyyatı və musiqisi üçün misilsiz işlər görür. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. O, həm də 2006-cı ilin 24 noyabrından etibarən ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi təmsil edir.

Qeyd edək ki, 2022-ci ilin 15 noyabrında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odre Azuleyə məktub ünvanlayıb.

Məktubda 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə, Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.

2005-ci ilin noyabrın 6-da Milli Məclisə keçirilən seçkidə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak edən Mehriban Əliyeva seçicilərin böyük etimadı fonunda (92.12 faiz) parlamentdə Azərbaycan xalqını təmsil etmək hüququ qazanıb. Fəaliyyəti boyu xalqa xidməti qarşısına daim prioritet məsələ kimi qoyan Mehriban Əliyeva 2010 (94.49 faiz) və 2015-ci (96.7 faiz) illərdəki parlament seçkilərində də xalqın ona olan sevgisinin günü-gündən artdığını hər kəsə sübut edib.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub. Bütün hallarda olduğu kimi, bu çətin və məsuliyyətli tapşırığın da öhdəsindən layiqincə gəlinib, Azərbaycan Mehriban Əliyevanın səyləri nəticəsində bu nüfuzlu və bir o qədər də əhəmiyyətli işi uğurla yerinə yetirib.

Elə məhz bu xalq sevgisi, dövlətçiliyin inkişafında oynadığı əvəzsiz rol və aparılan gərgin mübarizənin məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu tarixi hadisə onun dövlətçilik tariximizdə daşıdığı vəzifələrin əhəmiyyətini ön plana çıxarmaqla bərabər, xalqın iradəsinin təcəssümü kimi yadda qalıb.

Mehriban Əliyeva, hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsinin getdiyi şərəfli və eyni zamanda çətin dövrdə xalqın qayğısına qalmaqla milli qələbəmizə böyük töhfə verdi. İşğaldan azad edilən torpaqlarımıza ilk səfərlərdə heç bir təhlükədən çəkinməyərək, hər zaman dövlət başçısı, müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyevin yanında yer alan Mehriban Əliyeva bir daha Azərbaycan xalqının Vətən sevgisinin, Vətən həsrətinin böyüklüyünü göstərdi, uzun illər öz doğma yurd-yuvalarından didərgin düşən, öz doğma torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidin, Qarabağı görmədən onun xəyalı ilə böyümüş hər bir gəncin simasında orada öz xalqını təmsil etdi.

Hər zaman öz sadəliyi ilə seçilən ölkənin Birinci vitse-prezidenti şəxsən çəkdiyi kadrlarla azərbaycanlıların Vətən həsrəti ilə alovlanan qəlblərinə su səpdi. Səfərin çətinliyi, bölgənin işğaldan yenicə azad olunmasından sonra mövcud mina və digər təhlükələrdən heç zaman çəkinməyən Mehriban Əliyeva öz xalqı naminə üzərinə götürdüyü bu missiyanı da layiqincə yerinə yetirdi.

2024-cü ildə də Mehriban Əliyevanın fəaliyyəti gərgin qrafikdə davam edib. Birinci vitse-prezident dövlətimizin başçısı İlham Əliyevlə birlikdə işğaldan azad edilən ərazilərdə tikinti-bərpa işlərinin gedişi ilə tanış olub, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Belə ki, o, İlham Əliyevlə birgə Şuşada Mamayı və Zəngilanda Zəngilan məscidlərinin açılışlarında, Zəngilan rayonunda "Ağalı" hotelinin, Şuşada Şirin su hamamının, Ağdam şəhərində dördüncü yaşayış kompleksinin təməlqoyma və açılış mərasimlərində iştirak edib, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyevanın fəaliyyətində qlobal siyasətdəki rolu da mühüm əhəmiyyətə malikdir. Belə ki, Birinci xanım Mehriban Əliyevanın 2023-cü ilin noyabrında "Fələstin üçün tək ürək" toplantısının iştirakçılarına müraciəti və toxunduğu əsas məqamlar onun fəaliyyət istiqamətinin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Lakin bütün bunların fonunda Mehriban Əliyeva ilə bağlı qeyd edəcəyimiz ən vacib xüsuslardan biri kimi onun Prezident İlham Əliyevlə birgə növbədənkənar prezident seçkisində Xankəndidə səs verməsini qeyd etmək yerinə düşər. Belə ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa ediləndən sonra ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən zəfər seçkisində İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndidə səs verməsi bütün xalqını təmsil etməsi idi. Bu nüans Azərbaycan tarixinin şanlı səhifələrində hər zaman qürurla xatırlanacaq.

Mehriban Əliyevanın fəaliyyəti indi də gərgin qrafikdə davam edir. Birinci vitse-prezident dövlətimizin başçısı İlham Əliyevlə birlikdə işğaldan azad edilən ərazilərdə - Ağdamda, Əsgəranda, Ağdərədə, Şuşada təməlqoyma və açılış mərasimlərində iştirak edib, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olub. Təbii ki, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərdə yeni təhsil və tərbiyə müəssisələrinin açılış mərasimlərində iştirak etməsi onun uşaqlara diqqət və qayğısı, həm də uşaqların sağlam və hərtərəfli inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunun göstəricisidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Ölkəmizdəki etiqad azadlığı və dini məbədlərin qorunması da daim Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olub. Onun Gəncəyə səfəri zamanı həm yaşı dörd əsrdən çox olan Şah Abbas Cümə məscidinə baş çəkməsi, həm də Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olması, eləcə də Ağdərə rayonunun Suqovuşan kəndində ölkə başçısı ilə məscidin açılışında iştirak etməsi, həmçinin mayın 9-da da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak etməsi bu diqqətin əyani sübutudur.

Təbii ki, işğaldan azad olunmuş ərazilərə geri qayıdan vətəndaşlarımız da daim dövlətin və ölkə rəhbərliyinin diqqət mərkəzindədirlar. Ölkə başçısı və birinci xanımın həmin ərazilərdəki evlərdə yaradılan şəraitlə tanış olmaları, buraya köçən sakinlərlə görüşmələri və kənd sakinlərinə evlərinin açarlarının şəxsən təqdim olunması bunun bariz nümunəsidir. Bütün bunlar isə Azərbaycan tarixinin şanlı səhifələrində hər zaman qürurla xatırlanacaq.

Sonda Sizinxeber.Az saytının kollektivi adından Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!