İlqar Rəsul: Ədəbiyyatın əsas funksiyası insanın daxili dünyasını əks etdirməkdir
sizinxeber.az xəbər saytı

İlqar Rəsul: Ədəbiyyatın əsas funksiyası insanın daxili dünyasını əks etdirməkdir


Ədəbiyyatın əsas funksiyası insanı və onun daxili dünyasını əks etdirməkdir.

"Sizinxeber.az" xəbər verir ki, bu sözləri yazıçı, publisist, jurnalist İlqar Rəsul Sizinxeber.az Media Məktəbinin iştirakçıları ilə görüşü zamanı deyib.

Yazıçı milli ədəbiyyatın dünya səviyyəsinə çıxmasının əsas şərtlərindən biri kimi əsərlərin xarici dillərə tərcümə edilməsini göstərib.

"Ədəbiyyat tərcümə olunmursa, o, dünya prosesinin bir hissəsinə çevrilmir", - əlavə edib.

İ.Rəsul oxucuların iri həcmli əsərlərə marağının azaldığını da qeyd edib.

"Günəşdən o yanda" kitabını ərsəyə gətirmək elə də asan başa gəlməyib. Əsərə 10 il sərf edilib. Özümü uzun müddət hazır hiss etmirdim. "Getmə" və "Katyuşa" kitablarım işıq üzü gördükdən sonra bu əsəri yazmağa hazır olduğumu anladım. Əvvəllər isə daha çox kiçik hekayələr yazırdım. Düşünürdüm ki, gələcəyin insanı böyük həcmli ədəbiyyatı oxumaq istəməyəcək" – yazıçı bildirib.

Jurnalist media ilə bağlı fikirlərini də bölüşüb:

"Hər bir media təmsilçisinin işi yalnız xəbər ötürmək deyil. O, həm də deyilən sözün dəqiqliyinə görə məsuliyyət daşımalıdır. Jurnalistika elə bir sahədir ki, hər bir jurnalist cəmiyyət qarşısında paylaşdığı məlumata görə faktiki olaraq hesabat verir".

İlqar Rəsul 1966-cı ildə Ağdam şəhərində anadan olub. 1984-cü ildə Ağdam şəhər 3 saylı orta məktəbini, 1989-cu ildə Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikumunun mexanika fakültəsini bitirib. 1998-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə həmin fakültənin magistratura pilləsini bitirib. 1995-ci ildən başlayaraq ölkənin tanınmış mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

2017-ci ildə ilk əsəri olan "Getmə" romanı işıq üzü görüb. "Unudulmuş", "Xərçəng və qırmızı tramvay", "Sara", "Ovqat üçün", "Katyuşa", "Günəşdən o yanda" kimi əsərlərin müəllifidir. Hazırda "Qanun" nəşriyyatında aparıcı redaktor vəzifəsində çalışır.

Oxşar xəbərlər

Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi cənubi koreyalı yazıçı Han Qan olub
Yazıçı Vidadi Babanlı vəfat edib
Yazıçı Elçin Əfəndiyev vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər