Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin qalığı kəskin azalıb
sizinxeber.az xəbər saytı

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin qalığı kəskin azalıb


2024-cü ildə Azərbaycanda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri gəlirlərini əhəmiyyətli üstələyib, əsas gəlir mənbəyi olan təkrar borc müqavilələri üzrə daxilolmaların icra səviyyəsi əvvəlki illərdə olduğu kimi aşağı olub, nəticədə Fondun vəsait qalığı hesabat ilinin sonuna kəskin azalıb.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, Təminat Fondunun vəsaitinin qalığı hesabat ilinin əvvəlinə 164,6 milyon manat, 495,6 milyon ABŞ dolları olmaqla, ümumilikdə 1 milyard 7,2 milyon manat təşkil etdiyi halda, hesabat ilinin sonuna 419,3 milyon manat təşkil edib. Yəni, Fondun vəsaiti 587,9 milyon manat azalıb.

Ötən il Təminat Fonduna 483,8 milyon manat, o cümlədən təkrar borc sazişləri üzrə 34,6 milyon manat, Dövlət Neft Fondunda (ARDNF) yerləşdirilmiş vəsaitlərə hesablanmış faizlərdən 28,5 milyon manat, dövlət zəmanətinin verilməsi ilə bağlı zəmanət haqqı üzrə daxilolmalardan 3,8 milyon manat, dövlət borcuna xidmət xərclərinin qənaət olunmuş hissəsindən 0,1 milyon manat, dövlət büdcəsindən 416,8 milyon manat vəsait daxil olub.

Hesabat ilində Təminat Fondunun xərcləri 463,3 milyon manat, 251,5 milyon ABŞ dolları, 99,1 milyon Avro (cəmi 1 milyard 71,7 milyon manat) təşkil edib və gəlirlərini 2,2 dəfə üstələyib. Təqdim edilən məlumatlara əsasən hesabat ilində Fonddan daxili dövlət borcunun faiz və diskont ödənişləri üçün 230,7 milyon manat, xarici dövlət borcu üzrə 308,8 milyon manat (126,4 milyon manat əsas borc ödənişləri, 182,4 milyon manat faiz ödənişləri), bir sıra dövlət müəssisələrinin dövlət zəmanəti əsasında cəlb etdikləri kreditlərə vaxtında xidmət göstərə bilməməsi səbəbindən ümumilikdə 299,2 milyon manat, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) buraxdığı dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər üzrə 219 milyon manat, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə ayrılmış dövlət zəmanətli kreditlərin bağlanması məqsədilə 13,8 milyon manat, sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə ayrılmış kreditlər üzrə əsas borc öhdəliyi sahibkarlıq subyektləri tərəfindən vaxtında yerinə yetirilmədiyindən həmin məqsəd üçün 0,2 milyon manat vəsait ödənişlərə yönəldilib.

2024-cü ildə təkrar borc sazişləri üzrə daxilolmaların cəmi 34,6 milyon manat təşkil etməsi, proqnozlaşdırılan 593,7 milyon manata nisbətən cəmi 5,8 % həddində reallaşması bu mənbənin effektivliyində ciddi problemlərin mövcudluğunu göstərməkdədir.

Qeyd olunan tendensiyanın əvvəlki illərdən davam etməsi (2023-cü ildə – 7,4 %, 2022-ci ildə – 19,4 %, 2021-ci ildə – 13,4 %) təkrar borc sazişlərinin idarəetmə mexanizmlərinin optimallaşdırılmasını və borc qaytarma intizamının gücləndirilməsini zəruri edir.

Hesabat ilində Fondun xərclərinin gəlirlərini əhəmiyyətli üstələməsi onun əsas funksiyalarını yerinə yetirməsini çətinləşdirərək, dövlət borcu və zəmanətli kreditlər üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsi riskini artırmaqdadır.

Bununla yanaşı, Fondun vəsaitinin azalması gələcəkdə dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasını zəruri edə bilər ki, bu isə ümumi fiskal balansın pozulması və büdcə kəsirinin artması riskini yüksəltməkdədir. Fondun maliyyə sabitliyinin təmin olunması məqsədilə xərclərin optimallaşdırılmasının, dövlət zəmanətli borcların idarə edilməsi və qaytarılması mexanizmlərinin gücləndirilməsinin, eləcə də təkrar borc sazişləri üzrə daha effektiv mexanizmlərin yaradılmasının prioritet istiqamət kimi qiymətləndirilməsi qeyd edilib.

Oxşar xəbərlər

Təminat Fondu 5 bağlanmış bankın AMB-yə olan 14 milyon manat borcunu ödəyib
Azərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb
Dövlət Sosial Müdafiə Fondu I yarımildə 275 milyon manat investisiya qoyub
Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq
Hesablama Palatası: Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər