
Ermek Majekenov: "Qazaxıstan Fond Birjası Azərbaycan üzrə alətləri bazara təklif etməyə hazırdır"

Ermek Majekenov: "Qazaxıstan Fond Birjası Azərbaycan üzrə alətləri bazara təklif etməyə hazırdır"
Azərbaycan emitentləri ilə birbaşa bağlı məhsul çeşidinin genişləndirilməsi məsələsi hazırda Qazaxıstan Fond Birjasında (KASE) investorlar tərəfindən tələbat, tənzimləyici normalara riayət olunması və emitentlərin hazırlıq səviyyəsi baxımından təhlil mərhələsindədir.
Bunu “Report”a müsahibəsində KASE-nin İdarə Heyəti sədrinin müavini Ermek Majekenov bildirib.
“Hazırda KASE platformasında bu cür alətlər məhduddur. Məhsul çeşidinin genişləndirilməsi məsələsi investorlar tərəfindən maraq, tənzimləyici normaların qorunması və emitentlərin hazırlığı baxımından araşdırılır. Emitentlər və investorlar tərəfindən davamlı maraq olacağı təqdirdə, bizim infrastruktur texniki baxımdan uyğun alətlərin istifadəyə verilməsinə hazırdır”, – deyə E. Majekenov qeyd edib.
O bildirib ki, hazırda Qazaxıstan Fond Birjası ilə Bakı Fond Birjası (BFB) arasında əməkdaşlığın perspektivli istiqamətləri araşdırılır.
Onun sözlərinə görə, KASE üçün Azərbaycan maliyyə institutları, o cümlədən BFB ilə tərəfdaşlıq münasibətlərinin qurulması beynəlxalq əməkdaşlığın inkişaf istiqamətlərindən biri kimi qiymətləndirilir.
“Biz təcrübə mübadiləsi və texnoloji sinergiya imkanlarını diqqətlə araşdırırıq. Bununla yanaşı, bizim üçün vacibdir ki, bütün təşəbbüslər bazar səmərəliliyi prinsiplərinə və tənzimləyicilərin tələblərinə uyğun olsun”, - deyə E. Majekenov vurğulayıb.
KASE ilə Azərbaycan maliyyə institutları arasında müntəzəm ekspert dialoqu aparıldığını bildirən sədr müavini qeyd edib ki, qarşılıqlı anlaşma memorandumu və digər razılaşmaların imzalanması məsələsi ikitərəfli görüşlərin gündəliyində yer alır və əməkdaşlığın inkişafı çərçivəsində müzakirə olunur.
Sədr müavini həmçinin bildirib ki, "road show"lar, investisiya forumları və təhsil təşəbbüsləri kimi birgə tədbirlərin təşkili BFB ilə əməkdaşlığın dərinləşdirilməsi üçün perspektivli istiqamət hesab olunur.