AMB rəsmisi: "Kredit büroları maliyyə sabitliyinin əsas sütunlarındandır"
sizinxeber.az xəbər saytı

AMB rəsmisi: "Kredit büroları maliyyə sabitliyinin əsas sütunlarındandır"


Azərbaycanda kredit büroları artıq yalnız skorinq aləti deyil, maliyyə sabitliyinin əsas sütunlarından biridir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev bildirib.

“Getdikcə daha da rəqəmsallaşan, ciddi inteqrasiya prosesi keçən maliyyə sektorunda kredit hesabatlığı sistemlərinin strateji rolu artıq ənənəvi skorinq formatından çox kənara çıxıb. Bu gün kredit büroları maliyyə sistemi daxil olmaqla ümumi informasiya infrastrukturunun əsas sütunlarından birini təşkil edir", - deyə o qeyd edib.

AMB rəsmisinin sözlərinə görə, kredit büroları təkcə fərdi skorinq deyil, həm də makroprudensial siyasətdə, risk modellərinin hazırlanmasında, maliyyə inklüzivliyinin genişlənməsində əhəmiyyətli rol oynayır: “Kredit büroları kredit bazarlarında informasiya assimetriyasını və defolt ehtimallarını azaltmaqla məsuliyyətli kreditləşməyə xidmət edir, həmçinin makroprudensial analiz, stress-testləşdirmə və Basel III çərçivəsində risk modellərinin tərtibində mühüm rol oynayır".

T. Əliyev əlavə edib ki, bu qurumlar həmçinin qeyri-ənənəvi məlumat mənbələrinin – elektron ödənişlər, e-ticarət davranışları, icarə və kommunal ödənişlər kimi göstəricilərin kredit qərarlarına daxil edilməsi ilə maliyyə əlçatanlığını daha da artırır: “Müasir zamanda daha mütərəqqi inteqrasiya metodları bu imkanları dəfələrlə genişləndirib. Bu, istər əhalinin, istərsə də mikro, kiçik və orta sahibkarlığın kredit imkanlarını artırır”

O, həmçinin süni intellekt və maşın təliminin kredit hesabatlığına təsirinə diqqət çəkib: “Süni intellekt əsaslı modellər ənənəvi kredit skorinqinin bacarmadığı qədər böyük və mürəkkəb məlumat bazalarını emal edərək daha dəqiq proqnozlar verir. Lakin bu texnologiyalarla bağlı model risklərinin idarə edilməsi və alqoritm şəffaflığı kimi məsələlər də gündəmə gəlir".

Oxşar xəbərlər

Azərbaycanda “Kredit büroları haqqında” qanun dəyişib
Azərbaycanda nisyə satışla məşğul olan sahibkarlar kredit bürosuna məlumat vermək öhdəliyindən azad edildi
Azərbaycanda "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsi hazırlanıb
Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir"
“Kredit büroları haqqında” qanuna dəyişiklik son oxunuşda təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər