
Dövlət Agentliyinin rəis müavini: "AES-lər iqlim dəyişmələrinə müsbət təsir edir"

Dövlət Agentliyinin rəis müavini: "AES-lər iqlim dəyişmələrinə müsbət təsir edir"
Atom elektrik stansiyası (AES) ətraf mühitə yalnız su buxarı yayır ki, bu da iqlim dəyişmələrinə müsbət təsir edir.
“Report” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində təşkil olunmuş "Enerji sektorunda süni intellektin rolu" panel müzakirəsində bildirib.
"Ümumiyyətlə, AES-in əsas üstünlüklərdən biri iqlim dəyişmələrinə müsbət təsir etməsi, ətraf mühitə karbon qazını və onun birləşmələrini atmamasıdır. O, ətraf mühitə radioaktiv maddə deyil, yalnız su buxarı yayır ki, bu da iqlim dəyişmələrinə müsbət təsir edir. Eyni zamanda AES-də istifadə olunan yanacağın həcmi kiçikdir. Müqayisə üçün 11 meqavat gücündə enerji əldə etmək üçün 100 qram uran tələb olunduğu halda eyni həcmdə adi enerji üçün 2,5 ton odun, 7-8 barel neft məhsulu və yaxud 1,5 ton kömür yandırılmalıdır. Bir yükləmə ilə AES 2,5 il fəaliyyət göstərə bilir. Bu, həm daşınma xərclərini azaldır, həm də ölkənin xaricdən asılılıq riskini azaldır",- deyə o qeyd edib.
FHN rəsmisin sözlərinə görə, istifadə olunmuş nüvə yanacağı radioaktiv maddədən ibarət olur, onların uzun müddətlə qorunmasına ehtiyac var: "Hər bir istehsalın tullantısı olur. Məsələn, daş kömürü yandırırsa, onun külü qalır. Amma AES-də istifadə zamanı əldə olunan son məhsul, yəni yararsız məhsul özü də radioaktivdir. Yəni, biz bunu daş kömürün tullantısı kimi və yaxud da ki, qazın tullantısı kimi götürüb ata bilmərik. Bunun mütləq saxlama şərtləri, müəyyən təhlükəsizlik qaydaları var. Bu da həm riskləri həm də ki, onun saxlama xərclərini artırır".
Ə.Quliyev hesab edir ki, AES-də baş verən qəzalar ölkələri ən çox bu istiqamətdə yönəlmədən uzaqlaşdıran amillərdən biridir: "Amma keçmişə baxsaq, günümüzə qədər iki dənə ciddi atom elektrik stansiyası qəzası olub. Biri Çernobıldə, biri də ki, Fukuşimada baş verib ki, bunların hər ikisində insan faktorları ön plana çıxır. Yəni əgər siz işi düzgün, qaydalara, qanunlara uyğun qursanız və təhlükəsizlik texnikasına əməl etsənizz qəza baş vermə riskləri minimuma düşür. Əsas problemlərdən biri də istismar müddəti bitmiş AES-in istismardan çıxarılmasıdır. Onun reaktoru, hər yeri radioaktiv maddələrlə çirkləndiyinə görə, onun istismardan çıxarılması da adi bir şəkildə olmur. Onun üçün AES qurmağa qərar verən ölkələr öhdəlik götürürlər ki, gəlirlərinin müəyyən bir hissəsini depozit kimi, gələcəkdə bu stansiyanın istismardan çıxarılmasına xərcləmə üçün saxlasınlar".