X Bakı Beynəlxalq Kitab Sərgisi Füzulinin 530 illiyinə həsr olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək.
Nazirlikdən APA-ya verilən xəbərə görə, builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub.
Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər.
Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub. Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək.
Sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.
Oxşar xəbərlər
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub
Azərbaycan İstanbulda keçiriləcək kitab sərgisində fəxri qonaq qismində iştirak edəcək - FOTO
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Kino Günü qeyd olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













