aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Aktyor əbədiyyətə qovuşanda...
sizinxeber.az xəbər saytı

Aktyor əbədiyyətə qovuşanda...


Aktyor ölmür? Bunu hansı xəyalpərəst uydurub? Ölür, özü də ən birinci mənən. Nə vaxt? Boş zala oynayanda, tamaşaçısının gül-çiçək dəstələri o yana, adicə alqışını duymayanda, kulisdə rejissorun arxalarınca etdiyi “bacarmırlar, əllərindən ancaq bu gəlir” qeybətini eşidəndə... Bir də hər yaxşı tamaşaya “mənimdir!” deyib sinəsini qabağa verən rejissordan üz gizləyəndə... Adını təltif siyahısında, afişaların yuxarı sırasında görməyəndə, küçədə-meydanda tanınmayanda. “Qarderobdan başlayan” teatra – gündəlik iş yerinə illərlə nimdaş geyimdə gəlib-gedəndə... Dahası da var, amma məncə, yetər...

Çünki həm də bütün bunları kulisdə unudub səhnəyə çıxan, oradan yalnız öləndə düşmək kimi müqəddəs arzulu bəxtəvərlərdi (bəlkə də bədbəxtlər) aktyorlar. Yəqin elə buna görə də amerikalı aktyor, ssenarist Lourens Barret aktyoru qardan heykəllər düzəldən insanlara bənzədir və onları bu mənada dünyanın ən məsumu sayır.

...Ötən həftə yolumu Şuşa Dövlət Musiqili Dram Teatrından saldım. İki aktyorun birgə işi olan “Aktyor əbədiyyətə qovuşanda” adlı səhnə aktını izləməyə getmişdim.

Bütün texniki parametrləri, səhnə həlli və oyun üslubu baxımından tamaşa orijinal, təsirli, maraqlı və həm də bir aktyorun rejissura cəhdi baxımından cəsarətli idi. Əməkdar artist Nazir Rüstəmov özü və tərəf-müqabili, istedadlı, səhnədə də həyatda olduğu kimi zərif və məsum Bahar Həmzəyevaya öz potensialını nümayiş etdirmək üçün yetəri qədər meydan vermişdi. Unutmadan onu da deyim ki, iki personajlı səhnə əsərinə quruluş verməklə musiqi tərtibatçısı da Nazir Rüstəmovdur.

Psixoloji dram janrında olan birhissəli tamaşa xorvat yazıçı-dramaturqu Miro Qavranın eyniadlı əsəri əsasında hazırlanıb. Deyəsən, yaradıcı heyət indi onu başqa adla – “Ölməz sevgi” kimi təqdim edəcək. Hər halda, hər iki ad uğurludur. Amma və lakin bu iş kütləvi tamaşaçı üçün deyil. Niyə? Çünki burada bir aktyor ömrünün ağır, hüznlü, xiffət dolu yolu var və onu yalnız bu yük çiyinlərində iki dünya arasında qalanlar – yəni məhz aktyorlar gözəl anlaya bilərlər. Sözsüz ki, bir də sənətin mahiyyətini duyan həssas tamaşaçılar...

Müəllif bir aktrisa, onun rol, səhnə, sənət arzularını, eləcə də bir rejissorun, daha doğrusu, nə vaxtsa təhsilini başlamadan bitirən, istedad və peşəkarlığını qayğılara qurban verən bir rejissorun – qısacası, sənətdə və həyatda səadəti yalnız səhnədə tapan ikilinin xəyal ilə gerçəklik arasındakı oyununu təqdim edir. Əsərdə bir teatr aktrisasının, bir aşiq, özü də tapınacaq qədər aşiq kişinin hiss və həyəcanının, itirmək qorxusu ilə qovuşmaq kimi əlçatmaz xülyasının ustalıqla verilməsi ədəbi materialı orijinal edən bəlkə də yüz səbəbdən biridir. Yəqin ilk səbəb müəllifin həyat yoldaşının da aktrisa olmasıdır.

Səhnə tərtibatı çox sadədir. Səhnənin ortasında “qurulan” kiçik səhnə, arxa fonda qara pərdə üzərində asılmış ağ-qara qadın şəkilləri, üstünə qrafin və iki qədəhin qoyulduğu jurnal masası və iki stul. Yanda kabinet təəssüratı yaratmaq üçün asılqana keçirilmiş kişi pencəyi və “kəpənək”. Yerdə hazırlıq prosesini göstərən yarımçıq çərçivə və yanında usta alətləri.

Həzin musiqi səslənir və bu zaman zərif, səliqəli geyinmiş bir qadın tamaşaçılardan teatrın rəhbəri Toması (Tom – N. Rüstəmov) soruşa-soruşa var-gəl edir. Bu dəm kulisdən ortayaşlı bir kişi sevinc qarışıq həyəcanla ona tərəf gəlir və məşhur aktrisa Yevaya (B. Həmzəyeva) özünü təqdim edir.

Mübahisə, müzakirə, mühakimə, mülahizə və daha bir neçə bu kimi məlum və naməlum münasibətlər burulğanında biz ikinəfərlik oyunu və bu oyun üçün mübarizə aparan kişini görürük. Həyatda və sənətdə məğlub Tom gec də olsa Yevanı qazanmaq istəyir. Amma çifayda. Yeva xəstədir və məşq yarımçıq qalır. Buna bir səbəb də qadının yubileyi münasibətilə şəhərin əsas (aparıcı) teatrından təklif alması olur və o yenə də –  60 yaşında şöhrətin arxasınca sürünür. Amma bu da çox çəkmir və əsəbləri dözmür, daha doğrusu, ruhu onu bu balaca səhnəyə səsləyir və o, son monoloqunu, yəni “qu quşunun son rəqsi”ni bu səhnədə edir. Özü də yarımçıq. Beləcə, Yeva üçün əsər yazan və bütün həyatı boyu bu arzu ilə yaşayan Tom özünü əbədi tənhalığa qərq edir...

Tamaşa boyu ən xoşuma gələn və ən yerinə düşən keçidlər arasında hər iki qəhrəmanın dilindən səslənən monoloqdur. Özü də bu monoloq yalnız Yevanın deyil, bütün teatr dünyasının, aktyorluğu sənət yolu, alın yazısı seçənlərin taleyi, aqibəti, bir növ həqiqəti kimi üsyan edir: “Aktyor əbədiyyətə qovuşanda yalnız bir insan ömrü deyil, onun ətrafındakı bütün kölgələr yox olur. Heç vaxt oynamadığı, oynaya bilmədiyi qəhrəmanlar da ölür. Hətta onun tamaşaçıları özləri də bilmədən yox olurlar. Aktyor öləndə heç vaxt yanmayan projektorlar da sönür. Heç vaxt qoyulmayan tamaşalar da ölür. Aktyor əbədiyyətə qovuşanda onun oynadığı bütün rollar da ölür...”.

Birsaatlıq tamaşa boyu məqam-məqam darıxdırıcı, bir növ boşluq, daha doğrusu, boşluğu doldurmaq üçün düşünülmüş (tapılmamış) keçidlər olsa da, ümumilikdə tamaşaçını həyəcanlandıran dinamik oyun da var idi.

Quruluşçu tamaşanın musiqi tərtibatında da xorvat musiqiçilərinin yaradıcılığına müraciət edib. Pianoçu Maksim Mrvicanın ifasında Tonçi Huljiçin və Klod Debüssinin əsərləri təsirli məqamların, bəraət və etirafların, mühakimələrdən öz həqiqətinə sığınan hər iki qəhrəmanın bir-biri və həyata münasibətlərini anlamağa kömək edir.

Ölüm, bir insanın başqa bir insan həyatına buraxdığı faciəli nəticənin yükü ilə bitən səhnə aktı qəhrəman və onun ideyası uğrunda qurban getməsi haqqında həzin etiraf da sayıla bilər...

 


Oxşar xəbərlər

Xalq artisti Ramiz Məlik vəfat etdi
Teatrdakı ən uğurlu dövrümüz Oruc Qurbanov"un. “Afət” tamaşası idi.
Demensiyadan əziyyət çəkən Bryus Uillisin vəziyyəti açıqlandı
“Kurtlar vadisi”nin "Tataroğlu"su öldü
Elcan Rəsulov: “Arvad paltarında oturub şor satırdım” - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər