Yarım milyard manatlıq kibercinayətlə bağlı məhkəmədə: Ofisdə aşkarlanan  700 min dollar pul bacıma aid idi
sizinxeber.az xəbər saytı

Yarım milyard manatlıq kibercinayətlə bağlı məhkəmədə: Ofisdə aşkarlanan 700 min dollar pul bacıma aid idi


Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınma və kibercinayətdə ittiham olunan Bahadır Qasımov, İkram Qasımov, Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fərhad Qasımov ifadə verib.

O deyib ki, pul köçürmə işinin qanunsuz olduğunu bilməyib:

"Şirkətdə 5 nəfər işləyirdi. Onların maaşları 500-600 manat idi. Ofisdə aşkarlanan odlu silahlar mənim olub. Həmçinin orada aşkarlanan 700 min dollar pul bacıma aid idi, sadəcə mənə saxlamağa vermişdilər. Pandemiya dövründə şirkət ziyan etmişdi. Bahadır Qasımov bizim işlərə qarışmayıb".

Sonra təqsirləndirilən şəxslərin vəkilləri əlavə şahidlərin dindirilməsi üçün vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Hakim cinayət işi üzrə sənədlərin tədqiqi mərhələsinə keçildiyini elan edib.

Növbəti proses mayın 30-a təyin olunub.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Həmçinin qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.

Hesablamalarla bütün əmlakların ümumi dəyərinin yarım milyard manata yaxın olduğu müəyyən olunub.

Oxşar xəbərlər

Yarım milyard manatlıq kibercinayətlə bağlı işdə vəkillər məhkəmə tərkibinə etiraz ediblər
Yarım milyard manatlıq kibercinayətkarlıqla əlaqədar mütəşəkkil dəstənin məhkəməsində şahidlər dindirilib
Yarım milyard manatlıq kibercinayətkarlıqda ittiham olunan dəstə üzvlərindən biri ilə bağlı tibbi ekspertiza təyin olunub
Yarım milyard manatlıq kibercinayətkarlıqla əlaqədar mütəşəkkil dəstənin işi ilə bağlı məhkəmə heyətinə etiraz olunub
Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle