
Paris Yay Olimpiya Oyunları tarixin ən uğursuz idman yarışına çevrilə bilər - TƏHLİL

Paris Yay Olimpiya Oyunları tarixin ən uğursuz idman yarışına çevrilə bilər - TƏHLİL
İyulun 26-da Fransanın paytaxtı Parisdə 33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq.
Dünyanın əsas idman hadisələrindən birinin açılış mərasiminə sayılı günlər qala ciddi narahatlıqlar mövcuddur. Bu, ilk növbədə, ev sahibi Fransanın oyunların təhlükəsizliyini təmin edə bilməkdə ciddi problemlər yaşaması ilə bağlıdır.
Belə ki, hələ mart ayında Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) ölkənin Daxili İşlər Nazirliyinə Olimpiya Oyunlarının açılış mərasimini yüksək terror təhlükəsi səbəbindən ləğv etməyə çağırıb. DGSI idmançıların Sena çayı boyunca paradını açılış mərasimi üçün həddən çox risklər daşıyan format hesab edib.
Eyni zamanda, təşkilatçıların açılış mərasimini 600 min nəfərin izləməsini planlaşdırmasına cavab olaraq, terror riskinə görə əraziyə yalnız 300 min nəfərin buraxılmasını məsləhət görüb. Amma Fransanın siyasi rəhbərliyi Emmanuel Makron başda olmaqla, bu narahatlıqlara adekvat reaksiya verməyib və tədbirin ilkin plana uyğun aparılacağı bildirilib.
Halbuki, təhlükəsizlik orqanları partlayıcı qurğular, odlu silah və nəqliyyat vasitələrinin məqsədyönlü insan kütlələrinə yönəldilməsi yolu ilə terror hücumu ehtimallarını real sayır. Həmin hücumların İŞİD qruplaşmasına bağlı 3-4 nəfərdən ibarət bir neçə kiçik qruplar vasitəsilə koordinasiyalı şəkildə keçirilməsi ehtimalı var.
Terror ehtimalı ilə yanaşı, Paris Yay Olimpiya Oyunları cinayətkarlığın tüğyan etməsi baxımından da yerli sakinləri və xarici qonaqları təhdid edir.
Bunun ən son nümunəsi kimi iyulun 20-də “Fete de Musique” festivalında iştirak etmək üçün Parisə gələn 25 yaşlı Avstraliya vətəndaşının 5 nəfər tərəfindən zorlanması hadisəsidir.
Bu hadisə və kriminal xronikaya düşməyən, gizlədilən digər cinayət epizodları Olimpiadada təhlükəsizliyi təmin etmək üçün 43 ölkədən 45 min polisin və 18 min yerli hərbçinin cəlb edilməsi barədə xəbərlər fonunda baş verib.
Baş vermiş insident Fransada təhlükəsizliklə bağlı ciddi boşluqların olduğunu bir daha ortaya qoyur.
“The New York Times” qəzeti isə kəşfiyyat və ekspert dairələrindəki mənbələrinə əsaslanaraq, Qərb liderlərinin Parisdə oyunlar vaxtı terror ehtimalının yüksək olmasından narahatlıq keçirdiklərini xatırladır.
Yaxın Şərqdəki qeyri-stabil hərbi-siyasi vəziyyəti, İsrailin Qəzza sektorunda davam edən hərbi əməliyyatlarını, Rusiya-Ukrayna müharibəsinin tam sürətlə aparıldığını, ən vacibi isə Makron hakimiyyətinin bacarıqsızlığını, ölkədəki siyasi hərc-mərcliyi nəzərə aldıqda Paris Olimpiya Oyunlarında təhlükəsizlik tədbirləri ilə bağlı narahatlıqların əsassız olmadığını söyləmək olar.
Son seçkilərdən sonra ölkədəki mövcud vəziyyət, təhlükəsizlik orqanlarının passivliyi, qurumlar arasında zəif rabitə əlaqəsinin olması bu narahatlığı daha da artırır.
Paralel olaraq, oyunların keçiriləcəyi Parisdə yerli sakinlər də idman tədbirinə isti baxmır. Şəhər sakinlərinin təxminən yarısı yarışların keçiriləcəyi 26 iyul - 11 avqust tarixləri üçün şəhəri tərk edəcəkyini bildirib. Digər yandan, Parisdə idman obyektlərinin tikintisinə qanunsuz miqrantların cəlb olunması, onlarla müqavilələrin imzalanmaması və nəzərdə tutulandan qat-qat az əmək haqqı almaları barədə məlumatlar da dünyanın fərqli KİV-də dərc olunub.
Ümumi xaos fonunda şəhərin nəqliyyat infrastrukturunun oyunlar başlayana qədər tam hazır ola bilməyəcəyi barədə şəhər meri Ann İdalqonun açıqlaması və Olimpiada üçün xərclənən 8 milyard dollardan çox vəsaitin istifadə ilə bağlı şəffaflığın olmaması bu xaosu daha da gücləndirir.
Ekoloqları narahat edən məsələ isə bəzi yarışların keçirilməsi üçün əsas meydança rolunu oynayacaq və çirklilik səviyyəsinin yüksək olmasına görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayının bu il qadağa siyahısından çıxarılması ilə bağlıdır.
Lakin göründüyü kimi, Fransanı ciddi böhranın astanasına gətirən, ölkəyə siyasi nəzarəti itirən və son seçkilərdə sarsıdıcı məğlubiyyət alan prezident Emmanuel Makron və daxili işlər naziri Jerar Darmanen baş verənlərdən nəticə çıxarmağa maraqlı deyillər.
APA Analytics