Azərbaycan səfiri Britaniya mətbuatında ermənipərəst qüvvələrə cavab verib
Britaniyanın ən nüfuzlu nəşrlərindən biri olan “The Telegraph” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün diqqətimizi keçmişə deyil, gələcəyə yönəltməliyik” sərlövhəli məqaləsi dərc edilib.
Səfirlikdən APA-ya verilən məlumatda bildirildiyinə görə, məqalədə qeyd olunub ki, 2020-ci ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistanın işğalından azad edildikdən sonra bölgəmizdə köklü dəyişikliklər baş verib. Bu dəyişikliklərin böyük hissəsi Cənubi Qafqazda davamlı sülhə və region ölkələri arasında qarşılıqlı əlaqəyə doğru yönəlib. Regional əməkdaşlıq və enerji təhlükəsizliyinin əsas təşəbbüskarı olan Azərbaycan, müharibə bitdikdən dərhal sonra Ermənistanla sülh müqaviləsi üzrə əsas prinsipləri irəli sürən tərəf olub.
Məqalədə xüsusilə vurğulanıb ki, hərbi sahədə qəti üstünlük qazandıqdan sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi və münasibətlərin normallaşdırılmasını, o cümlədən nəqliyyat və kommunikasiya xətlərinin yenidən açılmasını təklif edib. Ermənistan isə son beş ildə yazılı şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq sülh prosesini ləngidib. Əslində, iki ölkə arasında yekunlaşdırılmış sülh müqaviləsi mətninin əsasında Azərbaycanın əvvəldən irəli sürdüyü və Ermənistanın bu yaxınlara qədər razılaşmadığı şərtlər dayanır.
Qeyd olunub ki, sülh müqaviləsinin mətni üzrə yekun razılıq mühüm bir mərhələdir. Bu, tərəflər arasında heç bir xarici müdaxilə olmadan aparılan birbaşa danışıqların uğurunu göstərir və ATƏT-in Minsk Qrupunun effektivliyini tamamilə itirdiyini deməyə əsas verir.
Məqalədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddilarına diqqət çəkilib və bu müddəaların sülh istiqamətdə əsas maneə olaraq qaldığı bildirilib. Sülh müqaviləsinin mətnində əksini tapan ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət prinsiplərinin Ermənistanın konstitusiyası ilə açıq şəkildə ziddiyyət təşkil etməsi vurğulanıb. Azərbaycanla hər hansı sülhə qarşı çıxan erməni siyasi qüvvələrinin beynəlxalq hüquqla tanınmış torpaqlarımıza iddialarını məhz həmin konstitusiya ilə əsaslandırmağa çalışdığı qeyd olunub.
Məqalənin davamında Ermənistanın xaricdəki siyasi lobbi qruplarının destruktiv roluna və bəzi Qərb siyasətçilərinin məsələyə qərəzli yanaşmasına diqqət çəkilib. Qeyd olunub ki, xaricdəki erməni siyasi qruplar Azərbaycanı və Türkiyəni daimi hədəfə çevirməklə ideoloji mübarizəni davam etdirirlər. Onlar üçün Ermənistan bir alət rolunu oynayır, nəinki dövlət. Bu yolda onlar tək deyillər və bir sıra Qərb siyasətçiləri də sülh istiqamətində hər hansı irəliləyişi qəbul etmək istəmir.
Bu xüsusda Britaniyanın Lordlar palatasının üzvü Lord Altonun sözügedən qəzetdə dərc edilmiş ən son məqaləsində səsləndirilmiş iddilara cavab verilib. Qeyd olunub ki, Lord Alton Moskvadan qeyri-qanuni şəkildə Azərbaycan ərazisinə göndərilərək separatçıların başçısı kimi fəaliyyət göstərmiş Ruben Vardanyanı müdafiə edir və onun Ukraynada müharibəni dəstəklədiyinə görə sanksiyaya məruz qaldığını və Azərbaycana qarşı zorakılıqlara şəxsən rəhbərlik etdiyini unudur. Lord Alton hazırda Azərbaycanda məhkəmə qarşısına çıxarılan Vardanyan və digərlərinin “ədalətsiz şəkildə saxlanıldığını” iddia edir. Halbuki BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu və Beynəlxalq Ədalət Məhkəməsinin son qərarları ilə məhkəmənin keçirilməsi hüquqi baxımdan əsaslı sayılmış, məhkəmənin açıq və şəffaf şəkildə aparıldığını və təqsirləndirilənlərə qarşı qeyri-insani rəftarın olmadığı təsdiqlənmişdir.
Lord Alton Ermənistan tərəfindən onilliklər boyu beynəlxalq hüququn pozulmasına bəraət qazandırmaq üçün Ermənistanın “ilk xristian dövləti” olması klişesindən istifadə edir. Bu iddianın əsassız olduğunu nəzərə almasaq belə, bu gün bir dövlətin qeyri-qanuni hərəkətlərinə əsrlər öncə qəbul etdiyi dini seçimlə bəraət qazandırmağın absurd olduğu vurğulanıb. Bu məntiqlə müasir Britaniyanı da 1800 il əvvəl Londiniumda (indiki London) romalıların nə etdiyinə görə mühakimə edək? deyə ritorik sual verilib.
Məqalənin sonunda Papa Fransiskin illər öncə ölkəmizə səfəri zamanı söylədiyi fikirlərə istinad olunub. Papa Fransiskin Azərbaycanın mədəni müxtəlifliyini və inklüzivliyini təqdir etməsi, iki xalq arasında ayrı-seçkilikdən və ikili standartlardan uzaq, gerçək və ədalətli bir sülhə çağırış etməsi qeyd olunub, bunun ən yaxşı seçim olduğu vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Hikmət Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşüb - FOTO
Elçin Əmirbəyov Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri ilə görüşüb - FOTO
Rusiya səfiri: “3+3” platformasına üzv ölkələrin XİN başçıları ilə görüşün tarixi razılaşdırılır
"Euronews" telekanalı XII Qlobal Bakı Forumuna həsr olunan reportaj hazırlayıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
