Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
Azərbaycan son illərdə rəqəmsal transformasiya sahəsində regionun ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Dövlət xidmətlərinin elektronlaşdırılması, genişzolaqlı internet infrastrukturunun ölkə üzrə yayılması, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində atılan addımlar göstərir ki, rəqəmsal inkişaf artıq texnoloji məsələ olmaqdan çıxaraq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Bu gün ölkə əhalisinin demək olar ki, 100%-i İnternet istifadəçisidir. Kəndlərdə belə optik xətt infrastrukturu yaradılıb. İnternetin sürəti və keyfiyyəti yüksək həddə çatdırılıb.
Mobil telefon, xüsusən də smartfon istifadəçilərinin sayı da demək olar ki, 100% ətrafındadır.
Dövlət xidmətləri onlayn şəkildə göstərilir və “e-hökumət” həllərinin istifadəsi genişlənir.
Rəqəmsal inkişaf artıq ölkənin ümumi inkişafının aparıcı qüvvəsinə çevrilib, odur ki, dövlətin də diqqət mərkəzindədir.

Rəqəmsal İnkişaf Konsepsiyasının və Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planının təsdiqlənməsi, Rəqəmsal İnkişaf Şurasının yaradılması, Şuraya I Vitse-prezident Mehriban Əliyevanın Şuraya rəhbərlik etməsi, eləcə də süni intellekt və kibertəhlükəsizlik üzrə milli strategiyaların qəbul edilməsi Azərbaycanın gələcək inkişaf modelinin məhz rəqəmsal iqtisadiyyat üzərində qurulduğunu nümayiş etdirir, dövlətin bu məsələləri nə dərəcədə əhəmiyyətli hesab etdiyini göstərir.
Bu gün internet və rəqəmsal xidmətlər artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Dövlət xidmətlərinin əhəmiyyətli hissəsi elektron platformalar üzərindən təqdim olunur, internet infrastrukturu ölkənin ən ucqar yaşayış məntəqələrinə qədər genişlənir, smartfonlardan istifadə isə sürətlə artır. Bunun nəticəsində uşaqlar da rəqəmsal mühitlə daha erkən yaşlardan təmas qururlar.
Lakin rəqəmsallaşmanın sürətlənməsi ilə paralel olaraq yeni sosial çağırışlar da meydana çıxır. Bu çağırışlar arasında uşaqların sosial şəbəkələrdə təhlükəsizliyi, onların zərərli məzmunlardan qorunması, rəqəmsal asılılıq risklərinin qarşısının alınması və sağlam psixoloji inkişafının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Rəqəmsal inkişaf və sosial məsuliyyət arasında balans
Müasir dövrdə uşaqları rəqəmsal texnologiyalardan tamamilə uzaq saxlamaq nə mümkün, nə də məqsədəuyğundur. Əksinə, rəqəmsal texnologiyalar təhsil, yaradıcılıq, xarici dillərin öyrənilməsi, informasiya əldə olunması və distant təhsil imkanlarından istifadə baxımından mühüm üstünlüklər yaradır.
Məsələ texnologiyanın özündə deyil, onun necə istifadə olunmasındadır. Buna görə də inkişaf etmiş ölkələrdə müzakirələr texnologiyaların qadağan olunması ətrafında deyil, onların təhlükəsiz, faydalı və məsuliyyətli istifadəsinin təmin edilməsi istiqamətində aparılır.
Beynəlxalq araşdırmalar göstərir ki, rəqəmsal texnologiyalar artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində aparılmış tədqiqatlara görə, 15 yaşlı uşaqların 96 faizinin evində kompüter, noutbuk və ya planşet, 98 faizinin isə smartfonu var. Orta hesabla yeniyetmələr həftədə təxminən 20 saat rəqəmsal cihazlardan istifadə edir. Bəzi ölkələrdə isə bu göstərici daha yüksəkdir və 15 yaşlıların yarısı həftədə 30 saatdan artıq ekran qarşısında vaxt keçirir.

Araşdırmalar göstərir ki, yeniyetmələrin 95 faizi internetdən və sosial şəbəkələrdən əsasən əyləncə məqsədilə istifadə edir. Onların 98 faizi yazışmalar aparır və məzmun paylaşır, 84 faizi müxtəlif məlumatlar axtarır, 83 faizi onlayn oyunlarla məşğul olur. Məzmun yaratmaq və idarə etmək üçün texnologiyalardan istifadə edənlərin payı isə 69 faiz təşkil edir.
Bu göstəricilər rəqəmsal texnologiyaların uşaqların həyatında nə qədər geniş yer tutduğunu göstərməklə yanaşı, istifadənin keyfiyyəti və məqsədyönlülüyünün də mühüm məsələ olaraq qaldığını ortaya qoyur.
Sosial şəbəkələrin biznes modeli və uşaqlar üçün risklər
Son illərdə aparılan beynəlxalq araşdırmalar sosial şəbəkələrin biznes modelinin əsasən istifadəçiləri mümkün qədər uzun müddət platformada saxlamaq prinsipi üzərində qurulduğunu göstərir.
Platformaların alqoritmləri istifadəçilərin maraqlarını, davranışlarını və seçimlərini təhlil edir, onlara uyğun məzmunları fasiləsiz şəkildə təqdim edir. Sonsuz lentlər, avtomatik video keçidləri və fərdiləşdirilmiş tövsiyələr istifadəçinin diqqətini platformada saxlamağa hesablanıb.

Yetkin insanlar üçün belə bu mexanizmlərin təsiri ciddi müzakirə mövzusu olduğu halda, psixoloji və emosional inkişaf mərhələsində olan uşaqlar üçün risklər daha böyükdür. Uşaqların emosional qərarvermə bacarıqları tam formalaşmadığından onlar sosial təsirlərə daha həssas olur, manipulyativ məzmunları və alqoritmik təsirləri ayırd etməkdə çətinlik çəkirlər.
Bir sıra ölkələrdə aparılmış araşdırmalar və məhkəmə prosesləri də göstərir ki, bəzi sosial media platformaları yaş məhdudiyyətlərinin formal mövcudluğuna baxmayaraq, azyaşlı istifadəçilərin sistemdə qalmasına tam mane ola bilmirlər. Bu isə artıq təkcə texnologiya deyil, həm də ictimai sağlamlıq və sosial təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.
Erkən yaşlarda ekran istifadəsinin təsirləri
Elmi araşdırmalar göstərir ki, erkən yaşlarda həddindən artıq ekran istifadəsi uşaqların nitq inkişafına, diqqət toplamaq qabiliyyətinə və sosial ünsiyyət bacarıqlarına mənfi təsir göstərə bilər.
Xüsusilə məktəbəqədər yaş dövründə uşağın inkişafında canlı ünsiyyət, oyun və ətraf mühitlə qarşılıqlı əlaqə mühüm rol oynayır. Bu proseslərin yerini ekranlar tutduqda inkişafın təbii ritmi pozula bilər. Bəzi araşdırmalar isə ekran asılılığının autizm və digər xəstəliklərin əsas səbəblərindən olduğunu ortaya qoyur.
Bununla yanaşı, yaş artdıqca risklərin xarakteri dəyişir. Sosial şəbəkələrdə nümayiş etdirilən ideal həyat tərzi, dəbdəbəli həyat görüntüləri, süni gözəllik standartları və uğur modelləri yeniyetmələrdə özünü başqaları ilə müqayisə etmə meylini gücləndirir.

Müasir rəqəmsal platformalar artıq təkcə informasiya məkanı deyil, həm də müqayisə məkanıdır. Yeniyetmələr öz real həyatlarını sosial mediada təqdim olunan filtrdən keçirilmiş həyatlarla müqayisə etdikdə özünəinamın azalması, psixoloji narahatlıq, məyusluq və sosial təcrid hissləri yarana bilir.
Araşdırmalar göstərir ki, 11-15 yaşlı qızların təxminən 1/8-i, oğlanların isə 1/13-i sosial media istifadəsinin mənfi nəticələri ilə qarşılaşır. Bu problemlər arasında internetdən istifadəyə nəzarətin itirilməsi, gündəlik fəaliyyətlərin pozulması, valideynlərlə münaqişələrin yaranması və öz görünüşündən narazılıq kimi hallar yer alır.
Yaş məhdudiyyətləri niyə gündəmə gəlir?
Sosial şəbəkələrin böyük əksəriyyətində minimum yaş həddi 13 yaş olaraq müəyyənləşdirilib. Lakin beynəlxalq təcrübə göstərir ki, bu məhdudiyyətlər praktikada hər zaman effektiv işləmir.
Azyaşlı istifadəçilər çox vaxt yaş məlumatlarını dəyişdirərək platformalarda hesab yarada bilir, platformalar isə bu halları tam aşkar etməkdə çətinlik çəkir. Nəticədə formal qaydalarla real vəziyyət arasında ciddi fərq yaranır.
Məhz buna görə son illər dünyanın müxtəlif ölkələrində yaş yoxlama mexanizmlərinin gücləndirilməsi istiqamətində addımlar atılır. Məqsəd uşaqları texnologiyalardan uzaqlaşdırmaq deyil, onların yaşlarına uyğun olmayan məzmunlardan qorunmasını təmin etmək, platformaların məsuliyyətini artırmaq və rəqəmsal mühitin daha təhlükəsiz hala gətirilməsidir.

Dünyada uşaqların sosial şəbəkələrə çıxışının tənzimlənməsi: qanunvericilik təşəbbüsləri yeni qlobal tendensiyaya çevrilir
Uşaqların sosial şəbəkələrdə qorunması məsələsi son illər təkcə ailələrin və təhsil müəssisələrinin deyil, dövlətlərin də əsas gündəm mövzusuna çevrilib. Əgər bir neçə il əvvəl hökumətlər, əsasən, rəqəmsal texnologiyalara çıxışın genişləndirilməsinə diqqət yetirirdilərsə, bu gün əsas müzakirələr rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması ətrafında aparılır.
BMT-nin Uşaq Hüquqları Konvensiyası, UNICEF-in tövsiyələri, UNESCO və OECD hesabatları göstərir ki, uşaqların rəqəmsal hüquqlarının qorunması ilə onların təhlükəsizliyinin təmin olunması arasında balans qurulmalıdır.
Məhz buna görə son illər dünyanın müxtəlif ölkələri sosial media şirkətlərinin fəaliyyətini tənzimləyən və azyaşlıların platformalara çıxışını məhdudlaşdıran qanunvericilik təşəbbüsləri ilə çıxış edirlər.
Uşaqların sosial şəbəkələrdən istifadəsi yaratdığı fəsadlar bu gün bütünü dünyanı narahat edir. Ayrı-ayrı ölkələr vəziyyətdən çıxış yolları tapmaq üçün müxtəlif üsullara əl atır.
Avstraliya: Sosial media şirkətlərinə birbaşa hüquqi məsuliyyət
2024-cü ilin sonunda Avstraliya parlamenti dünyada ən sərt qanunlardan biri hesab edilən sosial media tənzimləməsini qəbul edib. Yeni qanuna əsasən, 16 yaşdan aşağı şəxslərin sosial media hesablarına sahib olmasının qarşısının alınması platformaların hüquqi öhdəliyinə çevrilib.
Qanunun ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, məsuliyyət valideynlərin və ya uşaqların deyil, birbaşa platformaların üzərinə qoyulur. Şirkətlər istifadəçilərin yaşını müəyyən etmək üçün etibarlı sistemlər qurmalı və azyaşlıların qeydiyyatına imkan verməməlidirlər. Qanunun tələblərini yerinə yetirməyən platformalar milyonlarla dollar məbləğində maliyyə sanksiyaları ilə üzləşə bilərlər.
Bu yanaşma dünyanın bir çox ölkələrində nümunə kimi öyrənilir.
Fransa: 15 yaşdan aşağı istifadəçilər üçün valideyn razılığı
Fransa 2023-cü ildə qəbul etdiyi qanunla Avropada ilk dəfə olaraq sosial şəbəkələrdə qeydiyyat zamanı valideyn razılığını hüquqi tələbə çevirib.
Qanuna əsasən, 15 yaşdan aşağı istifadəçilərin sosial media hesabı yaratması üçün valideynlərin razılığı tələb olunur.
Platformalar isə bu razılığın həqiqiliyini yoxlamaq üçün texniki mexanizmlər qurmalıdırlar.
Fransa dünyada uşaqların qeydiyyatına 15 yaş məhdudiyyəti tətbiq edən ikinci, Avropada isə birinci ölkədir.
Fransa hökuməti qərarı uşaqlar arasında artan depressiya halları, kiberzorakılıq və rəqəmsal asılılıqla əsaslandırıb. Ölkədə fəaliyyət göstərən ekspert komissiyaları hətta gələcəkdə sosial şəbəkələrdən istifadə yaşının 15-dən 16-ya qaldırılması ilə bağlı təkliflər də irəli sürüblər.
Böyük Britaniya: Onlayn Təhlükəsizlik Aktı
2023-cü ildə qəbul edilən Onlayn Təhlükəsizlik Aktı Böyük Britaniyada texnologiya şirkətləri üçün yeni hüquqi çərçivə formalaşdırıb.
Qanuna əsasən, platformalar uşaqların zərərli məzmunlara çıxışını məhdudlaşdırmalı, yaş təsdiqi sistemləri qurmalı və uşaqlar üçün risk yaradan alqoritmik tövsiyələri azaltmalıdırlar.
Britaniya hökuməti hesab edir ki, sosial media şirkətləri artıq, sadəcə, texnologiya şirkətləri deyil, milyonlarla uşağın informasiya mühitini formalaşdıran qurumdur, buna görə də onların hüquqi məsuliyyəti artırılmalıdır.
ABŞ: Ştatlar səviyyəsində məhdudiyyətlər
ABŞ-da vahid federal qanun olmasa da, ayrı-ayrı ştatlar uşaqların sosial mediada qorunması istiqamətində ciddi addımlar atırlar.
Florida ştatında qəbul edilən qanuna əsasən, 14 yaşdan aşağı uşaqların sosial media hesabı açması qadağan edilir. 14-15 yaşlı istifadəçilər üçün isə valideyn razılığı tələb olunur.
Texas, Yuta, Arkanzas, Luiziana və Ohayo kimi ştatlarda da yaş təsdiqləmə sistemləri və valideyn nəzarətinin gücləndirilməsi ilə bağlı qanunlar qəbul olunub.
ABŞ Konqresində keçirilən dinləmələrdə Meta, TikTok, Snapchat və digər platformaların rəhbərləri uşaqların təhlükəsizliyi ilə bağlı dəfələrlə ifadə verməyə çağırılıblar. Bu isə problemin artıq milli təhlükəsizlik və ictimai sağlamlıq səviyyəsində qiymətləndirildiyini göstərir.

Çin: Ən sərt rəqəmsal nəzarət modeli
Çin uşaqların rəqəmsal fəaliyyətinin tənzimlənməsi sahəsində ən sərt yanaşmalardan birini tətbiq edir.
Ölkədə azyaşlı istifadəçilər üçün xüsusi "Youth Mode" sistemi yaradılıb. Bu sistem çərçivəsində uşaqların ekran vaxtı məhdudlaşdırılır, müəyyən saatlardan sonra istifadəyə qadağa qoyulur və yalnız yaşa uyğun məzmunlara giriş imkanı verilir.
Bundan əlavə, onlayn oyun platformaları azyaşlı istifadəçilərin gündəlik oyun müddətini məhdudlaşdırmaq öhdəliyi daşıyırlar.
Pekin bu siyasəti uşaqların fiziki və psixoloji sağlamlığının qorunması, rəqəmsal asılılığın qarşısının alınması və təhsil nəticələrinin yaxşılaşdırılması ilə əsaslandırır.
Norveç və Danimarka: Minimum yaş həddinin artırılması təşəbbüsləri
Skandinaviya ölkələri də uşaqların sosial mediada qorunması məsələsində fəal mövqe nümayiş etdirir.
Norveç hökuməti sosial şəbəkələr üçün minimum yaş həddinin 13-dən 15 yaşa qaldırılmasını təklif edib. Hökumət hesab edir ki, hazırkı yaş məhdudiyyətləri formal xarakter daşıyır və praktikada effektiv işləmir.
Danimarka isə Avropa İttifaqı səviyyəsində vahid yaş yoxlama mexanizminin yaradılmasının tərəfdarıdır. Rəsmi Kopenhagen hesab edir ki, texnologiya şirkətləri uşaqların təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşımalıdırlar.
İspaniya və Niderland: Psixoloji sağlamlıq əsas arqument kimi
İspaniyada hökumət sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddinin 16 yaşa qaldırılması imkanlarını araşdırır.
Niderlandda isə hökumət və ekspert təşkilatları məktəblərdə smartfon istifadəsinin məhdudlaşdırılması, sosial media asılılığının azaldılması və uşaqların rəqəmsal rifahının qorunması ilə bağlı proqramlar həyata keçirirlər.
Hər iki ölkədə əsas arqument sosial medianın yeniyetmələrin psixoloji sağlamlığına təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələridir.
Türkiyə və Mərkəzi Asiya ölkələri: Yaş məhdudiyyətlərinin gücləndirilməsi
Türkiyədə də yaşı 15-dən aşağı uşaqların sosial şəbəkələrə girişini qadağan edən qanun qəbul olunub.
Qanuna əsasən, yaşı 15-dən az olanlar sosial şəbəkələrdə qeydiyyatdan keçə bilməyəcəklər.
Türkiyə son illərdə uşaqların rəqəmsal hüquqlarının qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Sosial media platformalarında yaş məhdudiyyətlərinin gücləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiqi və rəqəmsal təhlükəsizlik sahəsində addımlar geniş müzakirə olunur.
Qazaxıstan və Özbəkistanda da sosial şəbəkələrdə uşaqların qorunması ilə bağlı yeni hüquqi mexanizmlərin hazırlanması istiqamətində iş aparılır.
Azərbaycan üçün hansı nəticələr çıxır?
Dünya təcrübəsi göstərir ki, uşaqların sosial şəbəkələrdə qorunması artıq təkcə etik və ya pedaqoji məsələ deyil. Bu məsələ ictimai sağlamlıq, milli təhlükəsizlik, insan kapitalının inkişafı və rəqəmsal hüquqların qorunması ilə birbaşa əlaqələndirilir.
Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, müxtəlif siyasi sistemlərə və fərqli inkişaf modellərinə malik ölkələr eyni nəticəyə gəlirlər: uşaqların rəqəmsal mühitdə qorunması üçün platformaların məsuliyyəti artırılmalı, yaş yoxlama mexanizmləri təkmilləşdirilməli və dövlət müəyyən tənzimləyici funksiyanı həyata keçirməlidir.
Azərbaycanın da rəqəmsal inkişaf strategiyasını həyata keçirdiyi bir dövrdə bu beynəlxalq təcrübələrin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsal transformasiyanın uğuru yalnız texnologiyaların tətbiqi ilə deyil, həmin texnologiyaların uşaqların təhlükəsizliyi, təhsili və sağlam inkişafı üçün nə dərəcədə əlverişli mühit yaratması ilə ölçüləcək.
Cəmiyyət və valideynlərin rolu həlledici olaraq qalır: Əsas şərt uşaqların sosial şəbəkələrdə təhlükəsizliyidir
Qanunvericilik və dövlət siyasəti nə qədər inkişaf etsə də, uşaqların rəqəmsal təhlükəsizliyində əsas rol ailəyə məxsusdur.
Valideynlər uşaqların ekran vaxtına nəzarət etməli, istifadə etdikləri platformaları tanımalı, izlədikləri məzmunlarla maraqlanmalı və rəqəmsal savadlılığın formalaşdırılmasında iştirak etməlidirlər.
Müasir dövrdə valideyn nəzarəti artıq yalnız fiziki mühitlə məhdudlaşmır. Uşağın rəqəmsal mühiti də ailənin diqqət dairəsində olmalıdır.
Bununla yanaşı məktəblər, vətəndaş cəmiyyəti institutları və media da rəqəmsal maarifləndirmə prosesində mühüm rol oynayır.
İctimai iştirakçılıq olmadan təkcə inzibati və hüquqi mexanizmlərlə bu problemin tam həlli mümkün deyil.

Yeni texnologiyalar yeni risklər yaradır
Süni intellekt texnologiyalarının sürətli inkişafı uşaqların qarşılaşdığı risklərin xarakterini dəyişdirir. Artıq söhbət yalnız zərərli videolar və ya uyğun olmayan şəkillərdən getmir.
Dərin saxtalaşdırma texnologiyaları, süni intellekt tərəfindən yaradılmış manipulyativ məzmunlar, biometrik məlumatların toplanması, davranış proqnozlaşdırılması sistemləri və fərdiləşdirilmiş alqoritmlər uşaqlar üçün yeni təhlükə mənbələrinə çevrilir.
Bu risklərin əhəmiyyətli hissəsi görünməz xarakter daşıyır və ənənəvi nəzarət mexanizmləri ilə aşkarlanması çətinləşir.
Buna görə də rəqəmsal təhlükəsizlik siyasəti yalnız bu günün deyil, gələcəyin texnoloji çağırışlarını da nəzərə almalıdır.
Əsas məqsəd: Təhlükəsiz, sağlam və məsuliyyətli rəqəmsal vətəndaş kimi yetişdirmək
Azərbaycan rəqəmsal inkişaf sahəsində yeni mərhələyə daxil olur. İnternetin universal əlçatanlığı, elektron dövlət xidmətlərinin genişlənməsi, süni intellekt və kibertəhlükəsizlik strategiyalarının hazırlanması ölkənin rəqəmsal transformasiyasının sürətləndiyini göstərir.
Lakin inkişafın davamlı və təhlükəsiz olması üçün texnoloji tərəqqi ilə sosial məsuliyyət arasında balans qorunmalıdır.
Uşaqların sosial şəbəkələrdə təhlükəsizliyi bu balansın ən vacib elementlərindən biridir. Dövlətin tənzimləyici rolu, platformaların məsuliyyəti, valideynlərin nəzarəti və cəmiyyətin iştirakı birlikdə işlədiyi halda rəqəmsal imkanların üstünlüklərindən maksimum faydalanmaq, risklərini isə minimuma endirmək mümkün olacaq.
Əslində əsas məsələ uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq deyil. Məqsəd onları təhlükəsiz, sağlam və məsuliyyətli rəqəmsal vətəndaş kimi yetişdirməkdir. Məhz bu yanaşma Azərbaycanın rəqəmsal gələcəyinin davamlı inkişafını təmin edə bilər.
Oxşar xəbərlər
Azərbaycanda internet xidmətlərinin inkişafı: - Son 5 ilin statistik təhlili
Baş nazir: Yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət istiqamətləri genişləndirilib
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq
İKTA yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil





