"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır".

Oxu.Az xəbər verir ki, bunu "Veçernyaya Moskva" nəşrinə müsahibəsində rusiyalı həkim-psixiatr və psixoterapevt Aleksey Vilkov deyib.

Mütəxəssisin sözlərinə görə, yaşlı insanların sayının və ömür uzunluğunun artması ilə paralel olaraq demensiyadan əziyyət çəkən pasiyentlərin sayı da çoxalır. Bununla belə, o hesab edir ki, gələcəkdə bu artımın dəqiq miqyasını əvvəlcədən proqnozlaşdırmaq çətindir.

Xəstəliyin profilaktikası məqsədilə həkim qan təzyiqini və qlükoza səviyyəsini diqqətdə saxlamağı, əsas xəstəlikləri müalicə etməyi, həmçinin şəkərli diabet və hipertoniyanın qarşısını almağı məsləhət görür. Neyron əlaqələrinin fəallığını qoruyub saxlamağa kömək edən gündəlik zehni məşqlər də eyni dərəcədə vacibdir.

Həkim əlavə olaraq sağlam qidalanma qaydalarına əməl etməyi, rasionda karbohidratların və yağların miqdarını məhdudlaşdırmağı tövsiyə edir. Çünki bu maddələr ateroskleroz və hipertoniya kimi ikinci dərəcəli risk faktorlarına birbaşa təsir göstərə bilər.