Niyə məhz İlham Əliyev? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
17 
Ara
2023
13:07

Niyə məhz İlham Əliyev?

17 Ara, 2023
13:07
35

Niyə məhz İlham Əliyev?

Xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və güvəni sonsuzdur

Azərbaycanın ictimai-siyasi həyatında növbəti tarixi hadisənin astanasındayıq. Belə ki, 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Artıq hakim partiya - Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında nəinki Azərbaycan, eləcə də dünya ictimaiyyəti arasında kifayət qədər reytinq qazanan İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul olunub. Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndələri də müəyyənləşdirilib. Bəs İlham Əliyevin namizədliyinin irəli sürülməsi hansı zərurətlərdən irəli gəlib?

Son 20 ildə əsrə bərabər yol

Bu yazımızda bu suala cavab verməyə çalışacağıq. Əvvəla, qeyd edək ki, 2003–2023-cü illər ölkəmizin  çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Hətta son 20 il tariximizdə o qədər əlamətdar bir tarix olub  ki, bu dövrdə ölkəmiz əgər belə demək mümkünsə, əsrlərə bərabər yol qət edib. Bir neçə fakta müraciət edək: 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard manat olduğu halda, 2022-ci ildə 133,7 milyard manat təşkil edib. Ümumiyyətlə 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olacağı gözlənilir. 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da təxminən 41 dəfə artım deməkdir və s.  Üstəlik, dünyanın enerji xəritəsini yeniləyib. Nəticədə əldə edilmiş tarixi uğurlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxıb və xalqımıza sevinc töhfə edib. Bəli, bu gün Azərbaycan özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü olmayıb. Bütün bu hədsiz sevinci xalqımıza Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etməyibmi? Onun gördüyü işləri isə sayıb qurtarmaq, kitablara sığışdırmaq mümkün deyil. Bu faktı dünyanın tanınmış siyasətçiləri də etiraf edirlər. 

Ərazi bütövlyünün və bütün ərazilərimizdə suverenliyin tam bərpası, separatizmin ləğvi, abadlıq-quruculuq, Böyük Qayıdış...

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlyünün və bütün ərazilərində suverenliyinin tam bərpasına nail olub. Hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda bayrağımız əzəmətlə dalğalanır. Başqa sözlə desək, Qarabağın separatist xunta cilovundan azad olunması kimi mürəkkəb, hətta bəziləri tərəfindən həlli mümkünsüz görünən problem həll edib və üstəlik Cənubi Qafqazda dünyanı heyrətə salan yeni reallıqlara imza atıb. Hazırda erməni vəhşilərindən azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən abadlıq-quruculuq işləri aparılır, otuz il yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkün soydaşlarımız bu  sevinc və fərəhlə dədə-baba yurdlarına qayıdırlar. Yeri gəlmişkən, onu da vurğulayaq ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərə köçürülən əhali də artıq seçici siyahısına daxil edilib. Əlbəttə, misli-bərabəri olmayan bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. 

Hər bir azərbaycanlının Prezidenti...

Şübhəsiz, bütün bu məsələlərdə “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən dövlət başçımızın yüz ölçüb bir biçərək qəbul etdiyi taleyüklü qərarlar olub. Onu da qeyd edək ki, öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək əsasında quran Prezident İlham Əliyev vətəndaşların hər bir qayğısına qalıb və bununla da hər bir azərbaycanlının Prezidenti olmağı bacardığını dəfələrlə sübut edib. Bu da  Prezident İlham Əliyevin ancaq xalqın və dövlətin mənafeyi üçün çalışan, uzaqgörən bir Lider olduğunun daha bir nümunəsidir. Şübhəsiz, bütün bunlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenidən Prezidentliyə namizədliyini əsaslandıran amillərdındir. 

Bəli, Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 20 ildə xalqa verdiyi hər bir vədini şərəflə yerinə yetirib. Belə olan təqdirə Onun namizədliyinin irəli sürülməsi labüd idi və qələbələr partiyası olan YAP İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin namizədliyini irəli sürüldü. Xalqımız kimin kim olduğunu çox yaxşı bilir. Xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı, güvəni sonsuzdur.

O ki qaldı digər irəli sürüləcək namizədlərə… Xatırladaq ki,  növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Yəni onlar da öz namizədlərini irəli sürəcəklər. Amma onlar da yaxı başa düşürlər ki, bu gün Azərbaycanda Müzəffər Ali Baş Komandanın alternativi yoxdur.

Bu mənada bu seçkilərdə İlham Əliyevinin namizədliyinin irəli sürülməsi günün tələbi idi. Başqa sözlə desək, tarixi zərurət idi.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bizimlə əlaqə saxlayın