Pentaqon birləşmə komandirlərinə ABŞ-nin hərb naziri Pit Heqsetin gözlənilən toplantısında iştirak etmək üçün xüsusi fiziki və peşəkar meyarlara cavab verən hərbi qulluqçuları seçməyi tapşırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri qurumun daxili məktubuna istinadən məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, namizədlər boy və bel ölçülərinin nisbəti üzrə ordu standartlarına uyğun gəlməli, fiziki hazırlıq normativlərini uğurla yerinə yetirməli və qüsursuz xarici görünüşə malik olmalıdırlar. Bundan əlavə, seçiləcək şəxslərdən xidmət etdikləri bölmələrdə yüksək göstəricilərə malik olmaq, ləkəsiz reputasiyaya sahib olmaq, həmçinin tabeliyində olanlara və həmkarlarına nümunə olmaq tələb edilir.

Qeyd edək ki, Heqsetin çıxışı sentyabrın 30-da baş tutacaq.