Ermənistanda sabiq baş prokuror və İstintaq Komitəsinin keçmiş rəhbəri Aqvan Hovsepyanın 29 daşınmaz əmlakının, 8 şirkətdə səhm paketlərinin və 2 milyard 551 milyon dram (6,6 milyon dollar) vəsaitinin müsadirə edilməsi tələb edilir.

“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Antikorrupsiya Məhkəməsi 27 sentyabr 2024-cü ildə Baş Prokurorluğun Hovsepyana qarşı qanunsuz varlanma ilə bağlı iddiasını qəbul edib.

Məlumata görə, prokurorluq həm A.Hovsepyana, həm də onunla əlaqəli şəxslərə qarşı əmlakın müsadirə olunmasını tələb edir.