Azərbaycanda karbon qiymətqoyma ilə bağlı həm mitiqasiya, həm də adaptasiya çərçivəsində işlər aparılır.
“Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə bildirib.
"Mitiqasiya çərçivəsində istixana qazlarının azaldılması, adaptasiya çərçivəsində isə iqtisadiyyatımızın uyğunlaşdırılması, dəyişikliklərə adaptasiya edilməsi nəzərdə tutulur. Mitiqasiya nöqteyi-nəzərindən Azərbaycan artıq emissiyaların azaldılmasını və "yaşıl iqtisadiyyat"a keçidi öhdəlik götürüb. Biz bu istiqamətdə aktiv işləyirik. Enerji sektorunda mədən yanacaqlarından təmiz yanacağa keçmək niyyətindəyik", - deyə o qeyd edib.
"Mitiqasiya tədbirlərindən ən güclüsü karbonq iymətqoymadır. Bu, iqlim dəyişiklərini 32% azalda bilər. "Yaşıl fiskal siyasət" mexanizmi təkcə "yaşıl iqtisadi artım"ı deyil, eyni zamanda müvafiq mexanizmlərin hazırlanmasını özündə ehtiva edir", - deyə S.Musayeva əlavə edib.
"Biz həm sosial, həm də iqlim hədəflərini özündə əks etdirən vergi çərçivəsi yaratmalıyıq", - deyə rəis müavini vurğulayıb.