Alimlər təxminən 415 milyon il əvvəl Yer kürəsində yaşamış nəhəng əqrəb növünün sirrini açıblar. Araşdırmaya görə, “Praearcturus gigas” adlandırılan bu qədim canlı uzunluğu bir metri ötən ölçülərə çata bilib. Onun böyüklüyü orta ölçülü itlə müqayisə olunur.
Bu canlıya aid fosillər ilk dəfə XIX əsrin 1870-ci illərində Böyük Britaniyada aşkar edilsə də, uzun müddət alimlər onun hansı heyvan qrupuna aid olması barədə mübahisə aparıblar. Yeni araşdırma zamanı müasir kompüter tomoqrafiyası və digər elmi üsullardan istifadə edilərək fosillər yenidən təhlil olunub. Nəticədə canlının əqrəb olduğu təsdiqlənib.
Tədqiqatın nəticələri “Palaeontology” elmi jurnalında dərc edilib. Araşdırmada Böyük Britaniyanın Təbiət Tarixi Muzeyinin paleontoloqları iştirak ediblər.
Alimlərin diqqətini çəkən əsas xüsusiyyətlərdən biri nəhəng əqrəbin caynaqlarıdır. Onların uzunluğu təxminən 16 santimetr olub. Bu ölçü hazırda yaşayan bir çox əqrəb növünün ümumi bədən uzunluğundan belə böyükdür.
Tədqiqatın aparıcı müəlliflərindən biri, paleontoloq Riçi Hovardın fikrincə, həmin dövrdə quruda böyük yırtıcıların olmaması bu əqrəbin nəhəng ölçülərə çatmasına şərait yaratmış ola bilər. Başqa sözlə, ciddi rəqiblərin azlığı ona yaşadığı mühitdə üstünlük qazandırıb.
Maraqlıdır ki, “Praearcturus gigas” yalnız quruda yaşamayıb. Alimlər onun həm quruda, həm də suda ov edə bildiyini düşünürlər. Uelsdə tapılmış fosillərdə müasir xərçəngkimilərin bəzi xüsusiyyətlərinə bənzəyən xüsusi bədən strukturları aşkarlanıb. Bu xüsusiyyətlər nəhəng əqrəbin su mühitində də hərəkət edə bildiyinə dair ehtimalları gücləndirir.
Tədqiqat zamanı onun ətraflarından birində xüsusi çıxıntı və zolaq nümunələri də müəyyən edilib. Alimlər bunun canlının bədən hissələrini bir-birinə sürtməklə səs çıxara bilməsi ilə əlaqəli ola biləcəyini düşünürlər. Bu davranış stridulyasiya adlanır və bəzi müasir əqrəb növlərində də müşahidə olunur.
Təxminən 415 milyon il əvvəl Yer kürəsində quruda həyat yeni inkişaf etməyə başlayırdı. Sürünənlərin, məməlilərin və quşların əcdadları hələ quruda məskunlaşmamışdı. Belə bir dövrdə nəhəng əqrəbin həm quruda, həm də suda ov etməsi ona mühüm üstünlük verə bilərdi.
Lakin milyonlarla il keçdikcə qurudakı ekosistem dəyişib. Daha iri və müxtəlif yırtıcıların, eləcə də qida uğrunda rəqabətin artması bu nəhəng əqrəblərin sayının azalmasına səbəb olmuş ola bilər. Tədqiqatçılar onun fosillərinin aid olduğu dövrdən sonra daha uzun müddət yaşamağa davam etmiş ola biləcəyini, nəhayət isə yoxa çıxdığını bildirirlər.
Alimlərin fikrincə, bu kəşf əqrəblərin təkamül tarixinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Müasir genetik araşdırmalar əqrəblərin hörümçəklər kimi digər buğumayaqlılarla yaxın qohum olduğunu göstərir. Bu isə onların əcdadlarının əvvəlcə quruda yaşayıb, sonradan bəzi növlərinin yenidən su mühitinə qayıtmış ola biləcəyi ehtimalını gündəmə gətirir.
Yeni araşdırma milyonlarla il əvvəl Yer kürəsində mövcud olmuş canlıların ölçüləri, həyat tərzi və təkamülü haqqında mühüm məlumatlar təqdim edir.
![]()
![]()
Mənbə: ScienceAlert
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov