Ermənistan hökuməti "TRIPP İnkişaf Şirkəti" ("TRIPP Development Company") QSC-nin səhmdarları arasında bağlanacaq müqaviləni təsdiqləyib.

Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.

Sənədə əsasən, şirkətin səhmlərinin 26 %-i Ermənistana, 74 %-i isə ABŞ-yə məxsus olacaq.

Bundan başqa, Şirkətin Direktorlar Şurası 5 üzvdən ibarət olacaq. Onlardan üçünü ABŞ, ikisini isə Ermənistan təyin edəcək.

Müqavilədə hər iki tərəfin razılığı olmadan qərarların qəbul edilə bilməyəcəyi 16 istiqamət müəyyən ediləcək.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bir həftə ərzində müqavilənin imzalanacağını, şirkətin isə Ermənistanda qeydiyyatdan keçəcəyini bildirmişdi.

"Bu, müstəqillik qazandığımızdan bəri ən böyük iqtisadi layihədir", - o qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp 23 noyabr tarixli videomüraciətlərində "Tramp marşrutu" layihəsinə rəsmi qaydada start verildiyini elan ediblər.