"2026-2030-cu illərdə leykozun müalicəsində istifadə olunan tirozin kinaz inhibitorlarına (TKI) rezistentliyin öyrənilməsi məqsədilə yeni prospektiv tədqiqat aparılması planlaşdırılır".

Oxu.Az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin böyük elmi işçisi Aytən Şirinova Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz Əsədovun "Azərbaycanda xroniki miyeloid leykoz: diaqnostikada, müalicədə və elmi tədqiqatlarda nailiyyətlər" adlı tədqiqatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, tədqiqatın əsas məqsədi ALDH (aldehid dehidrogenaza) fermentinin aktivliyinin leykoz kök hüceyrələrinin TKI terapiyası fonunda yaşamasında və rezistentlik mexanizmlərində rolunu araşdırmaqdır:

"Tədqiqat çərçivəsində ümumilikdə 120 xəstənin iştirakı nəzərdə tutulur. Onlardan 50-si dərin molekulyar cavab əldə etmiş, 40-ı qeyri-optimal cavabı olan, 30-u isə TKI-rezistent xəstələr olacaq.

ALDH aktivliyi ALDEFLUOR metodu və axın sitometriyası vasitəsilə qiymətləndiriləcək. Nəticələrin molekulyar göstəricilərlə müqayisəsi, NGS və RNA-seq metodlarından istifadə planlaşdırılır".

Çıxışda vurğulanıb ki, tədqiqatın nəticələri ALDH aktivliyinin ənənəvi molekulyar monitorinqi tamamlayan əlavə funksional və proqnostik biomarker kimi istifadə imkanlarını müəyyənləşdirməyə kömək edə bilər.