Ovucların rənginin dəyişməsi daxili orqanların xəstəliklərindən xəbər verən mühüm əlamətlərdən biri ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt, tibb elmləri namizədi Andrey Kondraxin Aif.ru nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, ən narahatedici əlamətlərdən biri "qaraciyər ovucu" adlandırılan simptomdur.

"Terapevtlərin "qaraciyər ovucu" adlandırdıqları bir əlamət var. Bu zaman ovuclar parlaq qırmızı rəng alır. İnsan adətən heç bir xüsusi narahatlıq hiss etmir, lakin bəzən qaşınma müşahidə oluna bilər. Ovucların bu cür qızarması qaraciyər xəstəliklərinin ilkin əlamətlərindən biri ola bilər", - deyə Andrey Kondraxin izah edib.

Həkim vurğulayıb ki, ovucların rəngində nəzərəçarpacaq dəyişiklik, xüsusilə, qızartı və ya saralma müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.

"Əgər ovuclar artıq normal çəhrayı rəngdə deyilsə, bu, daxili orqanların fəaliyyətində pozuntu olduğuna işarə edə bilər", - deyə Kondraxin bildirib.