Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və jurnalistlər üçün təşkil olunan müsabiqələrin qaydalarına mühüm dəyişikliklər edilib. Yeni tələblərə əsasən, onlayn media resurslarının qiymətləndirilməsi zamanı saytların oxunma göstəriciləri və texniki vəziyyəti ilə yanaşı, sosial şəbəkələrdəki aktivliyi də nəzərə alınacaq. Fərdi jurnalist müsabiqələrində isə müəlliflərin şəxsi sosial şəbəkə hesablarında paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqəsi xüsusi qiymətləndiriləcək.

Redaktor.az xəbər verir ki, məsələyə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, qurumun Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli bu yeniliyi müasir media reallıqlarına uyğun və perspektivli addım kimi dəyərləndirib.

Onun sözlərinə görə, informasiya istehlakının böyük hissəsinin sosial şəbəkələr üzərindən həyata keçirildiyi bir dövrdə media qurumlarının bu platformalarda aktiv təmsil olunması artıq zərurətə çevrilib: "Bu qərar, ilk növbədə, peşəkar jurnalistlərin sosial mediada daha da aktivləşməsinə stimul verəcək. Eyni zamanda, peşəkar media subyektlərinin sosial şəbəkələrə inteqrasiyasını sürətləndirəcək, onların daha geniş auditoriyaya çıxış imkanlarını artıracaq. Düşünürəm ki, bu yanaşma jurnalistləri yalnız xəbər hazırlamağa deyil, həm də hazırladıqları keyfiyyətli məzmunu müasir rəqəmsal platformalar vasitəsilə cəmiyyətə daha effektiv çatdırmağa təşviq edəcək".

H.Heydərli vurğulayıb ki, peşəkar jurnalistlərin və etibarlı media qurumlarının rəqəmsal mühitdə fəallığının artması qeyri-peşəkar və məsuliyyətsiz informasiya axınının təsirini azaldacaq: "Burada söhbət ənənəvi jurnalistikanın sosial media ilə əvəzlənməsindən deyil, peşəkar jurnalistikanın rəqəmsal mühitdə daha güclü mövqeyə sahib olmasından gedir. Müasir dövrdə keyfiyyətli jurnalistika auditoriyanın olduğu hər platformada təmsil olunmalıdır. Yeni qiymətləndirmə mexanizmini Azərbaycan mediasının rəqəmsal transformasiyası və rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm addım hesab edirəm".