Bu gün axşam saatlarında Bakı metrosunda qatarın hərəkətində texniki nasazlıq baş verib.

Sizinxeber.Az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində hərəkət edən qatarda texniki problem yaranıb.

İddia olunur ki, nasazlıq səbəbindən qatar stansiyadan yola düşməyib. Maşinist bir neçə dəfə sərnişinlərə qatarın tezliklə hərəkətə başlayacağı barədə anons edib. Sərnişinlər bir müddət qatarın hərəkətə başlamasını gözləməli olublar.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qatarların hərəkəti intervala uyğun təmin edilir:

"Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.

Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.

Dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir".