Mars Günəş sistemində milyonlarla kilometr uzaqlıqda yerləşsə də, alimlər onun geologiyası haqqında kifayət qədər məlumata malikdirlər. Biz orada hansı növ mineralların olduğunu və planeti formalaşdıran geoloji prosesləri ümumi olaraq bilirik. Lakin bəzən səthi bir az qaşımaq kifayət edir ki, Mars Günəşi altında tutqun parıltı ilə işıldayan tamamilə yeni bir sirr üzə çıxsın.

Eynilə 2024-cü ildə NASA-nın 899 kiloqramlıq "Curiosity" aparatının Qeyl kraterindəki "Gediz Vallis" kanalında tamamilə adi görünən bir qayanın üzərindən keçdiyi zaman olduğu kimi. Qaya təzyiq altında parçalananda onun içindəki solğun sarı parıltı NASA alimlərini heyrətə gətirdi – bunlar təəccüblü dərəcədə saf elementar kükürd kristalları idi.

Marsda sulfatlara (kükürd birləşmələrinə) kifayət qədər tez-tez rast gəlinsə də, Qırmızı Planetdə kükürd ilk dəfə idi ki, saf elementar formada tapılırdı və ətrafdakı ərazi də eyni növ qayalarla dolu idi. NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının layihə alimi Aşvin Vasavada həmin vaxt bildirmişdi: "Saf kükürddən ibarət daş sahəsi tapmaq səhrada vahə tapmağa bənzəyir."

Sulfatlar tərkibində kükürd və oksigen olan, çox vaxt digər minerallarla birlikdə suda həll olunmuş duzlardır. Su buxarlandıqda sulfat mineralları kristallaşaraq çöküntülər yaradır. Bu minerallar bizə Marsın su tarixi və zamanla necə aşındığı barədə çox şey deyə bilər.

Lakin saf kükürd tamamilə fərqli məsələdir. Yer kürəsində böyük kükürd yataqları adətən vulkanik və ya hidrotermal fəaliyyətlə əlaqələndirilir, lakin "Gediz Vallis"də belə bir yataq yarada biləcək yüksək temperatur şəraitinə dair heç bir dəlil yox idi. Mars səthində bu qədər saf kükürdün tapılması, anlayışımızda mühüm bir boşluğun olduğunu göstərirdi. İndi isə iki yeni tədqiqat bu qəribə yatağın necə yarandığını və qədim Mars mühiti haqqında bizə nə deyə biləcəyini aydınlaşdırmağa başlayıb.

2026-cı ilin iyununda "Science" jurnalında dərc olunan məqalədə Sent-Luisdəki Vaşinqton Universitetinin planetoloqu Skott VanBommelin rəhbərlik etdiyi qrup "Curiosity"nin kükürdlə zəngin qayalarla bağlı müşahidələrini dərindən araşdırıb və kəşfin ilk göründüyündən daha qeyri-adi olduğunu üzə çıxarıb. Tədqiqatçılar təsdiqləyiblər ki, kükürd təxminən 2100 kvadratmetrlik bir sahəyə səpələnib və inanılmaz dərəcədə safdır.

Bundan əlavə, Marsın aşağı cazibə qüvvəsi sayəsində "Curiosity" orada daha yüngüldür (Yer kürəsində təxminən 341 kq ağırlığa bərabər). Qayanın bu çəki altında asanlıqla çatlaması onun nisbətən kövrək olduğunu göstərir. Alimlərin fikrincə, bu qədər kövrək qayaların bütöv şəkildə "Gediz Vallis"ə səpələnməsinin ən məntiqli izahı onların elə məhz orada formalaşmasıdır.

Tədqiqatçıların irəli sürdüyü ehtimallardan birinə görə, kükürd qədim vulkanik fəaliyyət nəticəsində ayrılan qazlardan yaranıb. Həmin qazlar soyuduqca Mars səthinin altında, ehtimal ki, "klatrat" adlanan buz qəfəslərinin içində sıxışıb qalıb. Zaman keçdikcə eroziya "Gediz Vallis"i oyub, yeraltı qazların üzərindəki təzyiqi azaldıb və onların sızmasına şərait yaradıb. Daha sonra kükürdlü qazlar arasındakı kimyəvi reaksiyalar yüksək temperatura ehtiyac olmadan saf kükürd yataqları əmələ gətirib. Geoloji kontekstə əsasən, alimlər bu yatağın 3,1 – 2,8 milyard il əvvəl yarandığını təxmin edirlər. Tədqiqatın həmmüəllifi, NASA-nın Conson Kosmik Mərkəzinin geokimyaçısı Ceff Berger deyib: "Bu qayaların demək olar ki, heç bir kimyəvi dəyişikliyə məruz qalmadan milyardlarla il orada necə qaldığını təsəvvür etmək çətindir."

Lakin bu, Marsda elementar kükürdün yaranmasının yeganə yolu deyil. 2026-cı ilin iyulunda "Geophysical Research Letters" jurnalında dərc olunan başqa bir araşdırmada Kornell Universitetinin atmosfer alimi Ciavey Vanqın rəhbərlik etdiyi qrup yüksək temperatur və ya canlı orqanizmlərin iştirakı olmadan suda baş verən kimyəvi reaksiyanın saf kükürd yaradıb-yarada bilməyəcəyini araşdırıb. Tədqiqatçılar otaq temperaturunda turşulu suda həll olunmuş sulfidi xloratla (qədim Marsda mövcud ola biləcək xlor və oksigen birləşməsi) qarışdırıblar və reaksiya nəticəsində xırda sarı elementar kükürd kristalları əmələ gəlib. Xloratın miqdarı aşağı olduqda saf kükürd, yüksək olduqda isə sulfat yaranıb.

Bəs Qırmızı Planetdəki bu sarı qayalar niyə bu qədər səs-küy yaradıb? Kükürd bütün canlılar üçün həyati əhəmiyyətli elementdir. Baxmayaraq ki, Yer kürəsində mikroblar elementar kükürd istehsal edə bilir, Vanqın təcrübələri göstərir ki, Marsdakı kükürdün yaranmasını izah etmək üçün canlı orqanizmlərin mövcudluğu vacib deyil.

Hələlik Marsda həyata dair qəti bir əlamət tapmamışıq, lakin canlı orqanizmlər üçün faydalı olan elementlərə, suya və keçmişdə yaşayış üçün əlverişli olmuş şəraitə dair izlərə rast gəlməyə davam edirik. Bir vaxtlar Yer kürəsində də həyat yox idi. İki planet fərqli yollarla inkişaf etsə də, Marsda tapdıqlarımız öz dünyamızın çox qədim zamanlarda necə təkamül etdiyinə dair dəyərli ipucları verə bilər.

Ceff Berger vurğulayıb: "Mars bizə milyardlarla il əvvəldən qalmış donmuş bir mənzərə təqdim edir. Biz keçmişə qayıdıb Yer kürəsində görə bilməyəcəyimiz dərin zamanı orada müşahidə edə bilirik."

Mənbə: ScienceAlert 

Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov