Britaniyanın avtomobil istehsalçısı "Jaguar Land Rover" Çinin BYD şirkətini "Defender" modelini kopyalamaqda ittiham edib. Bu şikayət əsasında BYD-nin Niderlanddakı ofisində axtarış aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, "Jaguar Land Rover"in adından çıxış edən məhkəmə icraçıları Çin şirkətinin ofislərində axtarış aparıblar. Bu addım BYD-nin "Defender" modelinə bənzəyən avtomobilinin əqli mülkiyyət hüquqlarını pozub-pozmadığının araşdırılacağı məhkəmə prosesi ərəfəsində atılıb.
Axtarış Haaqa məhkəməsində keçiriləcək iclasdan əvvəl baş tutub. Məhkəmə "BYD Ti7" yolsuzluq avtomobilinin əqli mülkiyyət hüquqlarını pozub-pozmadığını araşdıracaq. Modelin satışına sentyabr ayında başlanılıb.
Çin şirkəti yeni avtomobilini Avropa bazarına çıxarmağı da planlaşdırır.