"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir".

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini qəbul edərək Zəfər Günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Şuşaya etdiyimiz səfəri tamamladıq. Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü səbəbilə bir daha sizlərin hüzurunda təbrik edirəm. Bununla yanaşı, qeyd edəcəkləri Dövlət Bayrağı Günü səbəbilə də can Azərbaycanı təbrik edirəm. Xatırlayacaqsınız, ötən il Zəfər Gününün beşinci ildönümü ilə bağlı Bakıda təşkil olunan parada da qatılmışdıq. Bu gün də Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik. Birlik və bərabərlik mesajlarımızı qüvvətli şəkildə verdik. Xocalı qətliamı şəhidlərimizi rəhmətlə andıq, Xankəndini ziyarət etdik. Qəhrəmanlarımızın ruhunu, inşallah, şad elədik.

Fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığımızı başda enerji, nəqliyyat və infrastruktur olmaqla bir çox meqa layihələrlə taclandırdıq. Atacağımız yeni addımlarla, inşallah, həmrəyliyimizi daha da gücləndirəcəyik. Bütün bu məqamları İlham qardaşımla görüşlərdə müzakirə etdik. Həmçinin son regional məsələləri də danışdıq.

Səfərim zamanı İlham qardaşımın liderliyində Qarabağda həyata keçirilən yenidənqurma layihələrinə şəxsən şahid oldum. Türkiyə Qarabağın inkişafı üçün də hər bir dəstəyi verir.

Türkiyə və Azərbaycan olaraq biz sevincdə və kədərdə tək ürək, tək bilək olan, hər növ çətinliyə birlikdə sinə gərən iki qardaş dövlətik. Aramızdakı məhəbbətə, həmrəyliyə və qardaşlığa, Allahın izni ilə, heç kim kölgə sala bilməz. Səfər çərçivəsində bu həqiqəti bütün dünyada bir daha göstərdik. Ziyarətimizin Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi üçün xeyirli olmasını diləyir, ev sahibliyi üçün İlham qardaşıma bir daha təşəkkür edirəm.

Qarabağdakı anım mərasimində hər zaman dediyimiz kimi "bir millət, iki dövlət" anlayışı ilə münasibətlərinə istiqamət verən iki güclü dövlətin həmrəyliyi vardı. İlham Əliyev qardaşımla səmimi bir şəkildə qucaqlaşdıq. Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə səylər göstərirlər. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, ortaq tale və qardaşlıq hüququ var. Bölgəmizdə və dünyada türkün güclü səsini digər qardaşlarımızla birlikdə yüksəldəcək və firavan gələcəyi birlikdə inşa edəcəyik. Bizim aramıza məsafə qoymağa çalışanlar millətlərimizin bir-birinə olan məhəbbətini, tarixi bağlarını və sarsılmaz iradəsini hesaba almır. Türkiyə və Azərbaycan, inşallah, bundan sonra da bölgəsinin tərəqqisi və rifahı üçün çiyin-çiyinə yeriməyə davam edəcək.

Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət etdiyi zaman hansı addımları ata bildiyini görmək üçün tarixə baxmaq kifayətdir. Biz fərqli dövlətlərik. Bütün bunlarla yanaşı fərqli strukturlara sahibik. Ancaq eyni zamanda qardaşlıq bağları ilə bir-birimizə bağlıyıq. Bu qardaşlıq ortaq tariximizin, ortaq mədəniyyətimizin və gələcək nəsillərə buraxacağımız böyük mirasın ən sağlam təminatlarından biridir".