Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr -Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İstanbuldan Qarabağa yola düşüb.
Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Ərdoğanı səfər zamanı həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edir.
Prezidenti Atatürk Hava Limanından Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İstanbul valisi Davut Gül yola salıblar.
Səfərdə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, AK Parti sədrinin müavini Kürşad Zorlu və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da müşayiət edirlər.
Türkiyə Prezidenti Zəfər Günü münasibətilə keçiriləcək hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iştirak edəcək.
Səfər çərçivəsində iki dövlət başçısı arasında təkbətək görüş də keçiriləcək.
Görüşdə Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq münasibətləri, əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.