NATO ölkələri Kalininqrad vilayətini blokadaya almağa cəhd edərsə, Rusiya nüvə silahı da daxil olmaqla, bütün hərbi potensialından istifadə etməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın İrlandiyadakı diplomatik nümayəndəliyinin yaydığı bəyanatda bildirilir.

"Məsuliyyətsiz və uzaqgörən olmayan Avropa siyasi elitası çox təhlükəli bir oyun oynayır. Rusiya xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda qeyd etdiyi kimi, əgər Qərb bizə hücum edərsə, biz buna cavab verəcəyik və bu, tamamilə fərqli, eyni zamanda çox qısa bir müharibə olacaq", - deyə məlumatda vurğulanır.

Səfirlikdən verilən məlumata görə, Avropa İttifaqı və NATO Rusiyanın qərb sərhədləri boyu hərbi fəaliyyətini genişləndirir. Alyans üzvləri mütəmadi olaraq hərbi təlimlər keçirir və Fransa nüvə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsini nəzərdə tutan "qabaqcadan qarşısının alınması" təşəbbüslərinə qoşulurlar.

Həmçinin NATO-nun Kalininqrad vilayətinin hava və dəniz blokadasına hazırlaşdığı barədə məlumatların daxil olduğu da qeyd edilib.

"Belə bir ssenaridə silahlı toqquşma riski yüksəkdir və bu halda Rusiya konfliktin ilkin mərhələsində Alyans ölkələrindəki qərar qəbuledici mərkəzlərə preventiv (qabaqlayıcı) zərbələr endirə bilər", - deyə səfirlikdən bildirilib.

Bununla belə, diplomatik idarə Rusiyanın Avropa ilə vəziyyəti gərginləşdirmək üçün "heç bir planının, səbəbinin və real motivinin olmadığını" bəyan edərək, Avropa dövlətlərini bu məsələyə maksimum dərəcədə ciddi yanaşmağa çağırıb.