"Aleksandr Şarovski ömrünün 50 ildən artığını Azərbaycan teatrına sərf edib".

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti, rejissor Aleksandr Şarovski ilə vida mərasimində mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, Azərbaycanın teatr tarixində öz dəst-xəti olan Şarovskinin vəfatı Azərbaycan mədəniyyətinə böyük itkidir:

"O, həyatını Azərbaycan teatrına, Azərbaycan mədəniyyətinə həsr edib. Onun fəaliyyəti ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirib. Birinci vitse-prezident Mehriban Əliyeva da Şarovskini hər zaman diqqətdə saxlayıb.

Şarovski hər zaman Azərbaycan incəsənətində xatırlanacaq. Azərbaycan mədəniyyətinə böyük itki üz verib. Biz həmişə Şarovskinin xatirəsini əziz tutacağıq".