Venesuelanın sabiq prezidenti Nikolas Maduro əcnəbi dövlət başçısı kimi toxunulmazlıq hüququna malik olduğunu əsas gətirərək, narkotik qaçaqmalçılığı ilə bağlı ittihamların ləğv edilməsini istəyir.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Heç bir ABŞ məhkəməsi indiyədək ittiham irəli sürülən zaman öz ölkəsində dövlət başçısı olaraq tanınan xarici liderə qarşı cinayət işinə baxmayıb. Dövlət başçıları öz ölkələrinin məhkəmələrindən başqa heç bir yerdə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər", - deyə Maduronun vəkilləri bildiriblər.

Müdafiə tərəfi qeyd edir ki, Maduro ona qarşı irəli sürülmüş ittihamları qəti şəkildə rədd edir:

"Əgər iş məhkəməyə qədər gedərsə, onun yalandan ittiham olunduğu aydınlaşacaq".

Təqdim edilən ayrı-ayrı sənədlərdə Maduronun həyat yoldaşı Siliya Floresin vəkilləri onun da suveren toxunulmazlıq prinsipi əsasında ABŞ-də cinayət təqibindən azad olmaq hüququna malik olduğunu bildiriblər.

Federal prokurorlar bu ayın sonuna qədər müdafiə tərəfinin arqumentlərinə cavab təqdim etməyi planlaşdırırlar.

Agentliyin məlumatına görə, ittiham aktının rədd edilməsi ilə bağlı vəsatətlər üzrə şifahi dinləmələr noyabrın 17-nə təyin edilib.

Hazırda Maduro və həyat yoldaşı Bruklindəki federal həbsxanada saxlanılırlar. İşə xitam verilməsi barədə vəsatət təmin edilməzsə, məhkəmə 2027-ci il iyunun 1-də baş tutacaq. Onların ABŞ-yə kokain gətirmək məqsədilə əlbir olduqları təsdiqlənərsə, hər ikisini ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.