Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev tərəfindən Yerlan Karinin ölkənin vitse-prezidenti postuna təyin olunması ilə bağlı sərəncam imzalanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidmətinin dərc etdiyi rəsmi sənəddə qeyd olunub.

"Yerlan Tınımbayulı Karin əvvəl tutduğu vəzifədən azad edilərək Qazaxıstan Respublikasının vitse-prezidenti təyin edilsin", - deyə sənəddə vurğulanır.

Qeyd edək ki, Y.Karin bundan öncə prezident administrasiyası rəhbərinin birinci müavini, yeni konstitusiya qüvvəyə minənə qədər isə dövlət müşaviri vəzifələrində çalışıb.

Xatırladaq ki, Tokayev yeni təkpalatalı parlament olan Qurultayın iclasında bu posta məhz onun namizədliyini təklif etmişdi.

Qurultayın deputatları Y.Karinin ölkənin vitse-prezidenti təyin olunmasının lehinə səs veriblər. İclasda iştirak edən 145 parlamentaridən 141-i onun namizədliyini dəstəkləyib. Əlli yaşlı siyasətçi müxtəlif vaxtlarda Qazaxıstan Respublikasının dövlət müşaviri, dövlət katibi və prezidentin köməkçisi kimi vəzifələri icra edib.

Bununla yanaşı, Qasım-Jomart Tokayev Oljas Bektenovun respublikanın baş naziri təyin edilməsi haqqında da fərman imzalayıb. Bu məlumat da dövlət başçısının mətbuat xidmətinin sənədində yer alıb.

Prezident daha öncə O.Bektenovun yenidən hökumət rəhbəri vəzifəsinə gətirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Qurultayın üzvləri Bektenovun yenidən bu vəzifəyə təsdiqlənməsinə razılıq veriblər. İştirak edən 145 deputatdan 137-si onun namizədliyinin lehinə səs verib.

Qırx beş yaşlı O.Bektenov 2024-cü ilin fevral ayından etibarən hökumətə rəhbərlik edir. O, əvvəlki illərdə Qazaxıstan prezidenti administrasiyasının rəhbəri və Korrupsiyaya qarşı mübarizə Agentliyinin sədri postlarında çalışıb.

Avqustun 28-də Qazaxıstan prezidenti hökumət istefa verdikdən sonra yeni kabinet formalaşana qədər nazirlərin öz vəzifələrini davam etdirmələrini tapşıran fərman imzalamışdı.