"Apple"ın ABŞ-dəki "App Store"dan əldə etdiyi komissiya gəlirləri 2026-cı ilin əvvəlindən etibarən 18% azalıb. Buna səbəb şirkətin tətbiqdaxili ödənişlər üzərində nəzarətini məhdudlaşdıran yeni tənzimləmə qaydaları olub.

Oxu.Az bu barədə "Financial Times" nəşrinə istinadən xəbər verir.

Analitiklərin məlumatına görə, "App Store"un gəlirləri Braziliya və Yaponiyada da bu ölkələrdə yeni tənzimləmə qaydalarının tətbiqindən sonra azalmağa başlayıb.

"Sensor Tower" şirkətinin məlumatları isə ABŞ-dəki "App Store"da istehlakçıların xərclərinin ikinci rübdə 6% azaldığını göstərir. Halbuki ötən ilin eyni dövründə bu göstərici 9% artmışdı.

Göstəricilərin pisləşməsi "Apple"ın "Xidmətlər" bölməsinin artım tempinə tənzimləyici dəyişikliklərin təsir göstərə biləcəyi barədə xəbərdarlığından sonra baş verib. İyun ayında başa çatan rübdə bölmənin gəliri rekord həddə - 30,7 milyard dollara çatıb. Lakin bu rəqəm analitiklərin 31,4 milyard dollarlıq proqnozundan aşağı olub.

"Apple" ənənəvi olaraq "App Store"da tətbiqdaxili rəqəmsal alışlardan 15-30% komissiya əldə edir. Lakin "Epic Games" ilə məhkəmə işi üzrə ABŞ məhkəməsinin qərarından sonra şirkət tərtibatçılara istifadəçiləri komissiya tutulmayan xarici ödəniş üsullarına yönləndirməyə icazə verməlidir.

"Sensor Tower" hesab edir ki, bu qərar ABŞ-dəki "App Store"da istehlakçı xərclərinin artım tempinin əhəmiyyətli dərəcədə zəifləməsinə təsir edib.