Ağdamda minatəmizləmə ilə bağlı media-tur keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Ağdamda minatəmizləmə ilə bağlı media-tur keçirilib - FOTO


Ağdamda minatəmizləmə fəaliyyətinin gedişatı ilə bağlı media-tur keçirilib.

Sizinxeber.az xəbər verir ki, media-tur Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Ağdam rayonuna təşkil edilib.

Böyük Qayıdış Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti

Media-turda bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir. Mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətin gedişatı və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərə mütəmadi olaraq media-turlar təşkil edilir.

Fövqəladə Hallar Nazirliyi və digər qurumların iştirakı


Bildirilib ki, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı bu sahədə müvafiq təlimlər keçmiş Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Əməliyyatlar üçün müasir texnika və avadanlıqlar

Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları ilə təchiz olunub.

Minatəmizləmə əməliyyatları keçirildiyi ərazilər

Media-tur çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam rayonunun Mollalar, Kürdlər və Əlimədətli kəndləri və ANAMA tərəfindən rayonun Sarıcalı kəndi ərazisində icra edilən minatəmizləmə əməliyyatları ilə tanışlıq olub. Təmizləmə əməliyyatları əllə minatəmizləmə, minaaxtaran itlər və xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları vasitəsilə həyata keçirilir.

Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatlarının nəticələri


Qeyd edilib ki, Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatları nəticəsində 37 154 hektar ərazi təmizlənib, 31 500 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

İnfrastruktur layihələri üzrə təmizlənmə prosesi


Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qaz kəməri xətləri və digər infrastruktur layihələrinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyəti icra edilib.

Ermənistanın minalarla çirkləndirdiyi ərazilər


Qeyd edək ki, Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırıb. Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir.

Minatəmizləmə əməliyyatlarının ümumi nəticələri

2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 200 321 ha ərazi təmizlənib, ümumilikdə 196 056 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Onlardan 137,422 ədədi PHS, 36,881 ədədi piyada əleyhinə minalar (PƏM), 21,753 ədədi isə tank əleyhinə minalardır (TƏM).

Minadan zərərçəkənlərin statistikası

2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək ümumilikdə 237 mina hadisəsi qeydə alınıb. 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək 394 nəfər mina qurbanı olub. 394 nəfər mina qurbanlarından ümumilikdə 70 nəfəri həlak olub, 324 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Mina qurbanlarının 14-ü azyaşlı və gənc, 1-i qadın olmaqla, 210 nəfəri mülki şəxsdir, onlardan 55 nəfər həlak olub, 155 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Mina qurbanlarının sırasında xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olmuş media nümayəndələri də var. 1991-ci ildən bugünədək 3400 nəfərdən çox minadan zərərçəkən qeydə alınıb. Onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadınlardır.

Oxşar xəbərlər

Ağdamda 37 min ha ərazi minalardan təmizlənib, 31 min mina və PHS zərərsizləşdirilib
Laçında Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO
Media nümayəndələri üçün humanitar minatəmizləmə sahəsində təlim keçirilib
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib
Azad edilmiş ərazilərdə bir ay ərzində daha 541 mina aşkar edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər