ARDNF-in İcraçı direktoru: BƏƏ-dəki təhsil şəbəkəsindən 15%-dən yüksək gəlir gözləyirik
"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) olaraq daha yüksək gəlirli aktivlərə investisiya edirik".
Bunu “Sizinxeber.az-Economics”ə açıqlamasında Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov deyib. O bildirib ki, son dövrlər edilən investisiyalarda bu amil xüsusilə nəzərə alınıb. Bu çərçivədə, 7-8% gəlirliyi olan və uzunmüddətli dövlət təminatı olan daha az risklə səciyyələnən aktivlərə yatırım ed+6irik. Buna bu ilin may ayında 50 milyon dollar investisiya edilən Əbu-Dabidə yerləşən “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkəti də daxildir. O bildirib ki, Fond sözügedən şirkətə daha çox investiya edə bilərdi. Amma bu tipli şirkətlərin səhmlərinə tələb yüksəkdir. Fond ona görə də investisiya həcmini 50 milyon dollarla məhdudlaşdırmalı olub.
İsrafil Məmmədov həmçinin, Fondun Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “GEMS Education” təhsil şəbəkəsinə 100 milyon dollar yatırımı barədə də fikirlərini bölüşüb. O bildirib ki, bu yatırımla bağlı gözləntilər yüksəkdir.
“Fondun yatırım etdiyi “GEMS Education” 12 illik təhsil üzrə dünyanın ən böyük və qabaqcıl özəl təhsil müəssisələri şəbəkəsinə malikdir. Şirkət 1959-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb. Hazırda Yaxın Şərq, Şimali Afrika, Asiya, Avropa və Amerikada məktəbə malik olan bu özəl təhsil şəbəkəsində dünyanın 176 ölkəsindən 170 min şagird təhsil alır. Şirkətin əhəmiyyətli dərəcədə böyük bazar payına malik olduğu BƏƏ-də yerləşən 40-dan çox məktəbində 135 mindən çox şagird təhsil alır. Bu investisiya üzrə gəlirlilik gözləntisi 15%-dən yüksəkdir. Bu isə ümumi portfelin risk gəlirlilik profili çərçivəsində kifayət qədər yaxşı göstərici hesab edilir”- icraçı direktor əlavə edib.
Xatırladaq ki, ARDNF “GEMS Education”a ötən ilin yayında yatırım edib. Sözügedən investisiya Fondun Yaxın Şərqə birbaşa olaraq etdiyi ilk yatırım hesab olunur.
Oxşar xəbərlər
Dövlət Neft Fondu “ADNOC” qaz boru kəmərlərinə 50 mln. dollar yatırım edib
ARDNF: İnvestisiya gəlirlərimiz neft gəlirləri səviyyəsinə çatıb
ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirləri 15 mlrd. dolları ötüb
Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













