Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2026
22:12
ff aaaaaaa

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

24 iy, 2026
22:12
429

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

"Məktəbəqədər və aşağı sinif şagirdlərinin onlayn ünsiyyətinə nəzarət etmək həm məqsədəuyğundur, həm də zəruridir".

Oxu.Az xəbər verir ki, bu mövzuda Gazeta.ru saytına rusiyalı pedaqoq-psixoloq Şamil Axmadullin məlumat verib.

Onun sözlərinə görə, indi bir çox bağça uşağının səsli və videomesajlaşma funksiyası olan ağıllı saatları, yaxud mobil telefonları mövcuddur. Yeddi yaşı olan uşaq yazmağı bacarsa da, o hələ kiberdələduzluq təhlükəsini, tanımadığı şəxslərə foto göndərməyin yolverilməzliyini və ya onlayn oyunlardakı həmyaşıdının əslində yaşlı biri ola biləcəyini dərk etmək iqtidarında deyil.

"Burada valideyn nəzarəti sərhədlərin pozulması deyil, birbaşa qoruma vəzifəsidir. Həmin dövrdə parollardan xəbərdar olmaq, uşağın kimlərlə əlaqə saxladığını izləmək, xüsusi filtrlər tətbiq etmək və qadcetləri ortaq istifadə sahələrində saxlamaq tələb olunur. Lakin prosesi gizli təqibə çevirməmək mütləqdir. Ən yaxşısı bunu açıq şəkildə bildirməkdir: "Sənin yaşın az olduğu üçün mən cihazındakı fəaliyyətlərinə nəzarət edirəm. Bu, avtomobildə təhlükəsizlik kəməri taxmaq kimi sənin müdafiən üçündür". Uşaqlar onlara qoyulan qaydaları dəqiq şəkildə anlamalıdırlar", - deyə mütəxəssis vurğulayıb.

Orta məktəb dövründə (orta hesabla 9-12 yaş arası) isə sərbəstlik tədricən artırılmalıdır. Bu yaş aralığı bir növ keçid mərhələsidir. Uşağın düşüncəsi daha da formalaşır və şəxsi sirləri meydana gəlir ki, bu da normal inkişaf göstəricisidir. Bu zaman kəsiyində tam nəzarət artıq zərərli ola bilər: mesajları xəbərsiz oxunan uşaqlar gizlin hərəkət etməyə, saxta profillər yaratmağa və məhdudiyyətləri aşmağa meyilli olurlar.

"İnanın, o bunu asanlıqla öyrənəcək. Şiddətli nəzarəti davam etdirmək əks reaksiya verəcək və övladınızın inamını sarsıdacaq. Davamlı izləmək əvəzinə ortaq məxrəcə gəlmək daha məqsədəuyğundur. Onlarla kibertəhlükəsizlik məsələlərini təhlil edin: yadlarla danışmamaq, fərdi məlumatları və şəkilləri paylaşmamaq, şübhəli və ya qorxuducu hərəkət edən şəxslər barədə valideynə məlumat vermək. Bəzən mesajlara birlikdə nəzər salmaq barədə razılığa gəlin. Yaxud uşaqda şübhə yaradan istənilən məqamı, xüsusən də yad profilləri sizə göstərməsini xahiş edin. Vəziyyətin ciddiyyətini anlamaq üçün onlara maarifləndirici videolar izlədin. Beləliklə, nəzarət prosesi təhlükəsizlik naminə müştərək əməkdaşlığa çevriləcək", - pedaqoq tövsiyə edib.

Yeniyetməlik dövründə isə şəxsi məkanın toxunulmazlığı xüsusi əhəmiyyət daşıyır. Onlar üçün fərdi yazışmalar müstəqil şəxsiyyət kimi formalaşmağın bir parçasıdır və mesajların gizlicə oxunması xəyanət kimi qiymətləndirilir. Valideynini bu cür hərəkət edərkən görən yeniyetmə uzun müddətə inamını itirir və özünə qapanır. Odur ki, burada qayda olduqca sadədir: şəxsi həyata hörmətlə yanaşılmalıdır. Ekspert əlavə edib ki, bu qaydanın yeganə istisnası yalnız ciddi təhlükənin olmasına əsaslı şübhələr yarandığı anlardır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul