
İran Bankının Bakı Filialının mənfəəti 6%-dən çox azalıb - Hesabat

İran Bankının Bakı Filialının mənfəəti 6%-dən çox azalıb - Hesabat
"Bank Melli İran"ın Bakı filialı 2025-ci ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.
“APA-Economics” xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında Filialın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% azalaraq 3,22 milyon manat təşkil edib. 2024-ci ilin ilk 6 ayında bankın xalis mənfəəti 3,44 milyon manata bərabər olub.
Hesabat dövründə bankın xalis faiz gəlirləri 18% artaraq 2,83 milyon manat, inzibati xərcləri isə 12,2% artaraq 851,4 min manat təşkil edib. Bankın aktivlər üzrə ehtiyatların yaradılması hesabından ayırmalar 41% azalaraq 1,13 milyon manata bərabər olub.
Cari ilin 6 ayı ərzində "Bank Melli İran"ın Bakı filialının aktivləri 3,4% və ya 4,66 milyon manat artıb. Belə ki, bankın cəmi aktivləri 119,1 milyon manatdan 123,77 milyon manata yüksəlib. Bankın kredit portfeli ( müştərilərə verilmiş kreditlər) isə 25,4% və ya 380 min manat azalaraq 1,12 milyon manata enib.
2025-ci ilin iyul ayının 1-nə bankın cəmi öhdəlikləri 2,1% artaraq 71,6 milyon manata bərabər olub. Bu ilin 6 ayı ərzində bankın müştəri hesabları isə 1,4% və ya 572 min manat artaraq 36,2 milyon manata yüksəlib.
73 milyon 611 min manat nizamnamə kapitalı olan "Bank Melli İran"ın Bakı filialının yığılmış zərəri əldə olunmuş mənfəət hesabına 24,67 milyondan 21,44 milyon manata enib. Beləliklə cari ilin iyul ayının 1-nə bankın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 6,5% artaraq 52,1 milyon manat təşkil edib.