Natalya Naumenko: Müharibə başlayandan Ukraynanı 8 milyon vətəndaş tərk edib - MÜSAHİBƏ
Ukrayna Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Rusiya ilə müharibə başlayandan sonra miqrasiya sahəsində olan vəziyyət, hərbi əməliyyatlarla əlaqədar köçən əhali və ölkəyə gələn əcnəbilərlə bağlı prosedurlar və miqrantlarla bağlı siyasətdən danışıb:
- Müharibə şəraitində miqrasiya şərtləri necə dəyişib?
- Rusiyanın başladığı tammiqyaslı müharibə nəticəsində bütün sahələrdə çox əhəmiyyətli dəyişikliklərə məruz qaldıq. Və təəssüf ki, bu dəyişikliklər müsbət olmadı. Miqrasiya vəziyyəti ilk növbədə vətəndaşlarımızın xaricə çıxması ilə dəyişdi. Bu gün söhbət Ukraynanı tərk edən təxminən 8 milyon vətəndaşdan gedir. Əlbəttə, dövlət bu gün ilk növbədə onlarla əlaqəni itirməmək üçün mümkün olan hər şeyi edir.
Bunun üçün Dövlət Miqrasiya Xidmətinin xaricdəki səlahiyyətlərini "Dokument" Dövlət Müəssisəsi nümayəndəliyimiz vasitəsilə genişləndirdik. Bu müəssisə bu gün Avropa ölkələrində, Kanadada fəaliyyət göstərir. Bu il Birləşmiş Ştatlarda əməkdaşlığımızı genişləndirəcəyik.
Bu o deməkdir ki, xaricdə olan hər bir vətəndaş bizə, nümayəndəliyimizə, filialımıza müraciət edə, özünə ID-kart, xarici pasport düzəldə bilər. Beləliklə, dövlət vətəndaşı ilə əlaqəni itirmir.
Əcnəbi vətəndaşların miqrasiya ilə məsələlərinə gəldikdə, burada bir sıra məqamlar var. Birincisi, Rusiya Federasiyası vətəndaşlarının Ukrayna ərazisində qalma şərtlərini xeyli sərtləşdirdik. Bəllidir ki, bizdə Rusiya vətəndaşlarına viza rejimi tətbiq edilib və Ukrayna ərazisinə keçmək üçün bu vətəndaşlar bir sıra təhlükəsizlik yoxlamalarından keçməlidir. Yoxlamanı Ukrayna Təhlükəsizlik Xidməti, sərhəd və əlbəttə, miqrasiya xidməti həyata keçirir.
Bundan əlavə, bizdə belə bir vəziyyət var idi ki, müvəqqəti yaşayış icazəsi və ya daimi yaşayış icazəsi olan şəxslər öz icazələrini müharibə səbəbi ilə dəyişdirə bilmirlər, lakin Ukrayna ərazisində qalmaq istəyirlər. Buna görə 2022-ci ildə hətta icazənin müddəti bitmiş olsa belə, onu dəyişdirməyə imkan veriilməsi barədə qərar qəbul edildi. Bununla da, həmin şəxs Ukraynada qanuni əsaslarla qalan şəxs sayılır.
Biz bu qaydaları indi dəyişdik. Yəni müvəqqəti yaşayış icazəsinin müddəti bitmiş insanlar onu dəyişdirməli və ya başqa yolla öz hüquqi statuslarını tənzimləməlidirlər. Bundan əlavə, ölkəmizin ərazi bütövlüyünü qorumaq istəyən, Silahlı Qüvvələrimizdə müqavilə bağlamış əcnəbilərin Ukrayna ərazisinə buraxılması və icazə sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı əhəmiyyətli sadələşdirmələr edildi. Bu ilin mayına qədər belə əcnəbilər üçün hərbi bilet şəxsiyyəti təsdiq edən sənəd idi.
Eyni zamanda, bu gün bizdə Avropa İttifaqı qarşısında öhdəliklər var. Biz miqrasiya qanunvericiliyimizi maksimum dərəcədə Avropa inteqrasiya tələblərinə uyğunlaşdırırıq. Bu, ilk növbədə, 2024-cü ilin mayında Avropa İttifaqı tərəfindən qəbul edilmiş miqrasiya sığınacağı paktıdır. Miqrasiya qanunvericiliyimizə yenidən baxdıq. Hökumət tərəfindən təsdiq edilmiş "yol xəritəmiz" var. Artıq parlamentdə bizim üçün vacib olan bir qanun layihəsi var. Bu layihə "Ukrayna ərazisində iş məqsədi ilə olan əcnəbilər üçün vahid iş icazəsi" adlanır.
Sənəd Ali Rada tərəfindən qəbul edildikdən sonra ümid edirik ki, əcnəbi vətəndaşların əmək bazarına çıxış prosedurları əhəmiyyətli dərəcədə sadələşdiriləcək. Bu prosedurlar təkmilləşdiriləcək, həm dövlət, həm əcnəbi, həm də işəgötürən üçün daha aydın və şəffaf olacaq.
- Müharibə başlayandan bu günə vətəndaşlıq alanlar və ya vətəndaşlıqdan məhrum edilənlər barədə statistikanı deyə bilərsinizmi?
- Gəlin iki məsələni bir birindən ayıraq. Bunlar müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilərdir. Sonra isə vətəndaşlıq hissəsinə keçəcəyik. Əgər daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilərdən danışırıqsa, 2026-cı ildəki vəziyyətə görə Ukraynada təxminən 354 min əcnəbi və vətəndaşlığı olmayan şəxs yaşayır. Onlardan 305 mindən çoxu daimi əsasla yaşayır. Yəni mühacirət icazəsi və müvəqqəti yaşayış vəsiqəsi var.
Daha 48 min nəfərin müvəqqəti yaşayış vəsiqəsi var. Yəni indi biz deyirik ki, Ukraynada 354 min xarici vətəndaş var. Bu, ölkənin bütün əhalisinin təxminən 1 %-dir. Bunların təxminən yarısı Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu, təxminən 151 min nəfərdir. Ardınca da Moldova (21) və Azərbaycan vətəndaşları – (17 mindən bir qədər çox) gəlir. Ardınca da Ermənistan, Gürcüstan, Belarus, Özbəkistan, Vyetnam vətəndaşları gəlir. Dərhal deyim ki, Rusiya vətəndaşları yeni gələnlər deyil. Bunlar müharibədən əvvəl Ukraynada yaşayanlardır. Və bir qayda olaraq, bunlar ailələri və ya uşaqları olan vətəndaşlardır. Arvad və ya ər Ukrayna vətəndaşıdır və ya uşaqlar Ukrayna vətəndaşlarıdır. Çünki daimi yaşayış vəsiqələrinin, yəni Ukraynanın verdiyi mühacirət icazələrinin böyük əksəriyyətinin əsası məhz ailələrin birləşməsidir.
Əgər müvəqqəti vəsiqələrdən danışırıqsa, yaşayış üçün bunların böyük əksəriyyətini bizdə Azərbaycan vətəndaşları alıb. Bu şəxslərins ayı dörd mindən çoxdur. Sonra Türkiyə (4 mindən çox), Moldova, Belarus, ABŞ, sonra Hindistan, Özbəkistan, Gürcüstan, Çin və İsrail gəlir. Biz bu səbəbdən özümüz üçün miqrasiya xəritəsini çəkdik və istədik ki, görək Ukraynada miqrasiya vəziyyəti necədir.
- Xaricdən gələn təxribatçı və casus təhlükəsinə qarşı miqrasiya sahəsində hansı tədbirlər görülür?
- Həqiqətən təhlükəsizlik amili bu gün xarici vətəndaşların Ukrayna ərazisinə buraxılmasında əsas müəyyənedici amildir. Müharibənin başlaması ilə təhlükəsizlik protokolları kökündən dəyişdi. Bundan əlavə, Dövlət Miqrasiya Xidməti hüquq-mühafizə orqanları ilə birgə bu dörd il ərzində, Ukrayna ərazisində daimi, müvəqqəti yaşayış icazəsi rəsmiləşdirən və ya bu cür icazələrin rəsmiləşdirilməsi prosedurlarına və ya vətəndaşlığın rəsmiləşdirilməsi prosedurlarına daxil olan bütün xarici vətəndaşların profillərini yoxladı.
Biz təhlükəsizlik amilinə təsir edə biləcək şəxsləri aşkara çıxarmaq üçün daim ölkə ərazisində müstəqil, həmçinin Ukrayna Təhlükəsizlik Xidməti və polislə miqrant əməliyyatları keçiririk. Əgər diversantlar və ya xaricdən agentlər haqqında danışırıqsa, bir neçə müstəvidə danışa bilərik.
Birincisi, Ukrayna ərazisinə giriş üçün viza almaq üçün müraciət edilirsə, bizim XİN işə qarışır - bu, təhlükəsizlik yoxlamasının ilk mərhələsidir. Həmçinin bizdə riskli ölkələr siyahısı var. Bu siyahıda 70-dən çox ölkə var. Onların sənədlərini, əlaqələrini, tarixçələrini, sosial şəbəkələrdəki fəallıqlarını, Ukraynada vəziyyətlə bağlı dediklərini və s. dərindən yoxlayırıq.
- Ukraynada döyüşən əcnəbilər üçün ölkə vətəndaşlığının alınmasının nə vaxt sadələşdiriləcəyi barədə cəmiyyətdə suallar yaranır. Ümumiyyətlə bu gözlənilirmi?
- 2016-cı ildən 2026-cı ilə qədər Ukrayna ardıcıl və sistemli şəkildə, daim ərazi bütövlüyümüz uğrunda döyüşən əcnəbilərin Ukrayna vətəndaşlığını əldə etmək prosedurunun sadələşdirilməsi üzərində işləyirik. Ukrayna vətəndaşlığını almaq üçün indi həmin şəxslərin bundan əvvəlki ölkənin vətəndaşlığından çıxmasına ehtiyac yoxdur.
Əgər onun qüvvədə olan hərbi müqaviləsi varsa və ya o döyüşübsə, yetərlidir. Şəxsin hərbi müqavilə bağladıqdan bir il sonra Ukrayna vətəndaşlığı üçün müraciət etməyə imkanı var. O ya mühacirət icazəsi sənədləşdirə, ya da Ukrayna vətəndaşlığı ala bilər.
Həmçinin belə şəxslər üçün miqrasiya məsələlərində çıxış da sadələşdirilib... Ukrayna dili, tarix və Konstitusiya üzrə imtahan möhləti var. Bu da vacibdir. Çünki ön cəbhədə döyüşmüş insan dərhal belə imtahanları verə bilməz.
- İstənilən müharibədən sonra ölkənin kütləvi bərpası mərhələsi başlayır. Ukraynada gedən müharibənin geniş miqyasını və dağıntıların genişliyini nəzərə alsaq çoxlu işçi qüvvəsi tələbatı hiss olunur. Əmək miqrasiyası nəzərdə tutulurmu?
- Bu gün Ukrayna cəmiyyətində, bütün dairələrdə əmək miqrasiyası ilə bağlı, ehtiyac duyulan miqrantların sayı və müharibədən sonra nə baş verəcəyi ilə bağlı sərt və çox əhəmiyyətli müzakirə aparılır. Mən, ümumiyyətlə, deyirəm ki, əmək miqrasiyası tamamilə təbii bir prosesdir. Bu olub və olacaq da. Kim nə deyirsə desin və ölkənin gələcəyini necə görürsə görsün.
Müharibədən əvvəl 21 mindən çox işə düzəlmə icazəsi verilmişdi. İndi bu rəqəm 8-9 mindir. Və təbii ki, Ukraynanın nə qədər işçi qüvvəsinə ehtiyacı olacağı barədə danışmaq, ancaq müharibədən sonra mümkün olacaq. İnsanlarımız müharibədən qayıdıb iş yerlərini tutanda, iqtisadiyyatın dirçələcək, tikinti başlayacaq. O zaman biz iqtisadiyyatın real sahəsində nə qədər və kimə ehtiyacımız olduğunu görəcəyik.
Təbii ki, bu mənim şəxsi fikrimdir. Və buna görə də biz deyə biləcəyik ki, nə qədər bizə insan lazımdır. Bunlar tamamilə təbii proseslərdir və biz bunu sakitcə qəbul edirik. Fərqi yoxdur, ixtisaslı işçi qüvvəsi hansı ölkədən gələcək və əsas odur ki, insanlar burada işləsinlər.
Şəxsən mən, Ukrayna ilə tarixi, sıx, dostluq əlaqələri olan və tarixən bu əmək prosesinə inteqrasiya olunmuş ölkələrə üstünlük verirəm. Məsələn, müharibədən əvvəl türklər bizdə əla yollar tikir, azərbaycanlılar biznesdə aktiv idilər. Belaruslar isə əla həkimlər idilər.
- Bu günlərdə Kiyevin mərkəzində "Ukrayna ukraynalılar üçündür!" şüarı ilə miqrantlara qarşı mitinq keçirilib. Bunun sosial səbəblərini şərh etmək olarmı?
- Əslində belə hadisələr Ukraynada əvvəllər də olub. 2016-cı ildə Kiyev vilayətində qaçqınların yerləşdirilməsi məntəqəsini açdığım zaman orada çoxlu mitinqlər olurdu, insanlar əcnəbilərə qarşı idilər. Biz manipulyasiya haqqında danışırıq. İndi insanların real əhval-ruhiyyəsi haqqında danışmırıq. Rusiya belə vəziyyətdən bizə qarşı çox yaxşı istifadə edir. Bizimkilər cəbhədə həlak olanda onların guya xaricilərlə əvəz etməyə çalışırlar kimi şayiələr yayırlar.
Bütün bunlar psixoloji əməliyyatdır və onları təhlil etdik. Həm bizim, həm rus telegram-kanallarını analiz etdik və ilkin mənbəni, bunların haradan başladığını aşkar etdik. Bəzən, ola bilsin, müəyyən ukraynalı ekspertlərin çox korrekt olmayan ifadələri ilə, onlar özlərinə ukraynalıların əvəz ediləcəyini və ya Ukrayna əhalisinin miqrantlarla əvəz ediləcəyini söyləməyə imkan verirlər.
Ona görə də burada cəmiyyətlə ünsiyyət qurmaq vacibdir. Cəmiyyətə normal formatda əmək miqrasiyasının dövlətin iqtisadi dirçəlişi üçün bir şans olduğunu çatdırmaq vacibdir.
Oxşar xəbərlər
Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırılıb
Vüsal Hüseynov: MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur
Vüsal Hüseynov: Azərbaycan miqrasiya idarəetməsi modeli hazırlayıb
Rusiyada miqrasiya qeydiyyatında olan əcnəbilərin sayı açıqlanıb
Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
