Tbilisidə Ahıska türklərinin deportasiyasının 80-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
sizinxeber.az xəbər saytı

Tbilisidə Ahıska türklərinin deportasiyasının 80-ci ildönümünə həsr olunmuş konfrans keçirilib


Gürcüstanın paytaxtı Tbilisidə Ahıska türklərinin deportasiyasının 80-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Dünya Ahıska Türkləri Birliyinin (DATüB) təşkil etdiyi tədbirdə Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrdən gəlmiş nümayəndələr iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ahıska türklərinin sürgünlük həyatının acı dövrünü əks etdirən fotolardan ibarət sərgiyə baxıblar.

Sonra Ahıska türklərinin deportasiyasından bəhs edən “Ahıska sürgünü” sənədli film nümayiş etdirilib.

DATüB-in Gürcüstan təmsilçisi Murat Binaliyev çıxış edərək Ahıska türklərinin deportasiyasının səbəbləri barədə məlumat verib. Bildirilib ki, 1944-cü il noyabrın 14-də keçmiş SSRİ-nin tərkibində olan Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan Ahıska türkləri sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) deportasiya olunublar.

Həmin vaxtlarda Gürcüstanda 212 kənddə yaşayan təqribən 95 min Ahıska türkü öz evlərindən məcburi qaydada çıxarılaraq yük vaqonları ilə çox ağır şərtlər altında Mərkəzi Asiya respublikalarına sürgün ediliblər. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilib, orada məcburi əməyə cəlb olunublar. Sürgündəki dözülməz şərait 50 minə qədər Ahıska türkünün ölümünə səbəb olub. Deportasiya İosif Stalinin birbaşa əmri əsasında SSRİ xalq daxili işlər komissarı Lavrenti Beriyanın rəhbərliyi ilə 4 min milis əməkdaşı tərəfindən həyata keçirilib.

Tədbirdə DATüB-in baş katibi Ziyəddin Kassanov, sürgünlük həyatı yaşamış Altun xanım, Türkiyə parlamentinin deputatı Sinan Oğan, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay və başqaları çıxış edərək Ahıska türklərinin hazırkı durumu və sayı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu gün sayı 600 mindən çox olan Ahıska türkləri dünyanın 9 ölkəsində məskunlaşıblar. Onların 100 mini Azərbaycanda yaşayır.

Sonda Ahıska türklərinin birliyinin daha möhkəmləndirilməsi ilə bağlı müraciət qəbul olunub.

Oxşar xəbərlər

Tbilisidə Vətən müharibəsinə həsr olunmuş "Komando" tamaşası nümayiş etdirilib
Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib
Naxçıvanda baramaçılığın inkişafına həsr olunan konfrans keçirilib
Tbilisidə Milli Mətbuat Günü qeyd olunub, azərbaycanlı jurnalistlər təltif edilib
Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər