ATƏT-ə sədrlik edən Finlandiya Minsk qrupu üzrə prosesə başlayıb
ATƏT-ə sədrlik edən Finlandiya Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq lazımi tədbirlərə başlayıb.
Bunu “Report”un Avropa bürosuna Finlandiyanın ATƏT-ə 2025-ci il sədrliyi üçün ölkənin Xarici İşlər Nazirliyində yaradılmış Hədəf Qrupunun rəhbərinin müavini, finlandiyalı diplomat Toni Sandell deyib.
“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Finlandiya avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri alqışlayır”, - qurumdan bildirilib.
Sandell qeyd edib ki, bu sazişlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında və regionda davamlı sülhün əldə olunmasında mühüm mərhələdir.
O bildirib ki, Finlandiya iki ölkənin birgə müraciətinin cavablandırılması prosesinə başlayıb, əlavə məlumat daha sonra veriləcək.
Daha əvvəl ATƏT-in Parisdəki mənzil-qərargahından “Report”a bildirilmişdi ki, hazırkı sədr təşkilata üzv olan ölkələrlə məsləhətləşmələr aparacaq. Məlum olduğu kimi, Finlandiya həm də Minsk qrupunun üzvüdür.
Qeyd edək ki, Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edib. Avqustun 8-də iki ölkənin xarici işlər nazirləri bu sənədi Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə imzalayıblar. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması üçün iki mühüm şərtindən biri olub.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün yaradılıb. 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan Vətən Müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub, bu da Minsku qrupuna və onun institutlarına ehtiyac qalmadığı deməkdir.
Qrupa üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransa və Finlandiyanın özündən əlavə Belarus, Almaniya, İtaliya, Türkiyə, İsveç, Azərbaycan və Ermənistan daxildir.
Oxşar xəbərlər
ATƏT: Minsk qrupunun bağlanması üzrə məsləhətləşmələr başlayacaq
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Paşinyan: Ermənistan və Azərbaycanın XİN başçıları Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət imzalayıb
Bakı və İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT ölkələrinə müraciət göndərib - YENİLƏNİB
Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













