Azərbaycan heç bir halda Qarabağın erməniəsilli sakinlərinə evlərini tərk etsinlər demir. Lakin onlar yaxşı və rifah içində yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməli, qanunlarımıza tabe olmalıdır. Zatən onların başqa çıxış yolu da yoxdur... Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri ya ölkəmizin qanunları ilə yaşamalıdırlar, ya da özlərinə başqa yaşayış yeri tapmalıdırlar. İndi isə seçim onlarındır...
Bu gün hər bir azərbaycanlı ordumuzun tarixi nailiyyətinə sevinir. Ancaq çox təəssüf ki, Azərbaycan Ordusu tərəfindən nə qədər yeni texnologiyalar və yüksək dəqiqlikli silahlar tətbiq olunsa belə, heç bir savaş itkisiz olmur. Bu, müharibənin acı qanunudur. Təsəllimiz və qürur yerimiz isə şəhidlərimizin qanını yerdə qoymamağımız, düşmən tapdağından xilas olan yurd yerlərimiz, hər yerdə yüksələn müqəddəs bayrağımızdır. Allahdan bizə tarixi Qələbələri yaşadan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfalar diləyirik. Məhz onların canı və qanı hesabına ermənilərin növbəti nağılı bitdi!
“Report” İnformasiya Agentliyi














