Özbəkistan Turizm Komitəsinin sədri: Azərbaycanla bir sıra mühüm layihə və təşəbbüslər reallaşdırılıb - MÜSAHİBƏ
Özbəkistan Turizm Komitəsinin sədri: Azərbaycanla bir sıra mühüm layihə və təşəbbüslər reallaşdırılıb - MÜSAHİBƏ
APA Özbəkistan Respublikasının Turizm Komitəsinin sədri Umid Şadiyevin müsahibəsini təqdim edir
- Özbəkistanla Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Özbəkistan və Azərbaycanın turizm sahəsində əməkdaşlığının məqsədləri əsasən, hər iki ölkənin turizm potensialının inkişafı, mədəni mübadilənin güclənməsi və turizm istiqamətlərinin genişləndirilməsindən ibarətdir. Bu əməkdaşlıq çərçivəsində ortaq mədəni və tarixi irsin kütləviləşdirilməsi, hər iki ölkənin turizm infrastrukturuna investisiyaların cəlbi və xarici ölkələrdən turist axınının artırılması kimi birgə turizm layihələrinin reallaşdırılması prioritet təşkil edir. Eyni zamanda, milli mətbəxlərin təbliğatı və kulinariyanın spesifik istiqamətlərinin yaradılması məqsədilə bu sahədə turizmin inkişafına da xüsusi diqqət yetirilir. Bu əməkdaşlıq hər iki ölkənin turizm sektorunun beynəlxalq aləmdə daha da möhkəmləndirilməsinə xidmət edir.
- Özbəkistanla Azərbaycanın turizm sektorunda əməkdaşlığı çərçivəsində əldə olunan hansı nailiyyətləri qeyd etmək olar?
- Özbəkistanla Azərbaycan arasında turizm sahəsində bir sıra mühüm layihə və təşəbbüslər reallaşdırılıb. Bununla əlaqədar olaraq iki ölkə arasında turizm sahəsində əməkdaşlığa hüquqi zəmin kimi qəbul olunacaq bir sıra razılaşmalar mövcuddur. Onlardan biri Özbəkistan və Azərbaycan hökumətləri arasında turizm sahəsində əməkdaşlığa dair müqavilədir. Həmin sənəd 1996-cı il mayın 27-də imzalanıb. Ölkələrimizin imzaladığı digər sənəd isə Özbəkistanın milli şirkəti olan “UZBEKTURİZM” ilə Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi arasında 13 oktyabr 2003-cü ildə əldə olunan əməkdaşlıq haqqında memorandumdur. Bu əməkdaşlıq isə özündə informasiya və təcrübə mübadiləsi, turizm ilə bağlı keçirilən tədbirlərdə iştirak, o cümlədən hər iki ölkənin turizm sahəsində fəaliyyət göstərən şirkətlərinə müvafiq şəraitin yaradılmasını ehtiva edir.
2024-cü il fevralın 29-da Daşkənddə yerləşən "InterContinental" mehmanxanasında Özbəkistanın Turizm Komitəsi və Özbəkistan Hotelçilər Assosiasiyasının təşkilatçılığı ilə "HOTEL BUSINESS FORUM-2024" adlı beynəlxalq forum keçirilib.
Forumda Azərbaycanın turizm sektorunun nümayəndələri də iştirak edib. Həmin tədbirdə hər iki ölkə arasında turizm, eləcə də hotelçilik biznesi sahəsində əməkdaşlığın inkişafı, eləcə də innovasiyaların mübadiləsinə dair məsələlər müzakirə olunub.
Eyni zamanda, 2024-cü il iyunun 2-də Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri başda olmaqla, Bakıdan gələn nümayəndə heyəti İslam Konfransı Təşkilatına Üzv Ölkələrin Turizm Nazirlərinin Xivə şəhərində keçirilən 12-ci Konfransında iştirak edib.
Bundan əlavə Özbəkistanla Azərbaycan arasında əlaqələrin inkişafı üçün Özbəkistanın Turizm Komitəsi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında “2024-2026-cı illəri əhatə edən fəaliyyət planı” imzalanıb. Bu plana əsasən, turizm təşkilatlarının beynəlxalq turizm sərgilərində iştiraka dəvət olunması, tərəflərin turizm imkanlarının mətbuat vasitəsilə təşviqatının aparılması, hər iki ölkədən olan tanınmış bloqerlərin səfərlərinin təşkili, eləcə də Özbəkistanın və Azərbaycanın turizm sektorlarının nümayəndələri arasında təcrübə mübadiləsinin təşkili tədbirləri nəzərdə tutulub. Bu cür layihə və təşəbbüslər sözügedən sahənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
- Turizm sahəsində əməkdaşlığa dair hansı təşəbbüslərin Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişafı üçün daha çox səmərəli olduğunu düşünürsünüz?
- Özbəkistanla Azərbaycan arasında turizm infrastrukturunun inkişafı və birgə turizm marşrutlarının inkişafına dair planlar əsasən, hər iki ölkənin mədəni-tarixi obyektlərini birləşdirən marşrutların yaradılmasına istiqamətlənib. Bu planlara əsasən, turizm infrastrukturunun inkişafı, yeni hotellərin, nəqliyyat qovşaqlarının və xidmət şəbəkələrinin yaradılması nəzərdə tutulub.
Bununla yanaşı, özündə hər iki ölkənin önəmli mədəni irsi, tarixi abidələri və təbiət incilərini birləşdirəcək birgə turizm marşrutları üzrə eksklüziv turlar təklif edən proqramların hazırlanması da nəzərdə tutulub. Bu marşrutlar həmçinin Bakı və Daşkənd kimi şəhərləri, eləcə də Səmərqənd və Şəki kimi tarixi şəhərləri əhatə edəcək. Bu planlar hər iki ölkənin turizm sahəsindəki mövqelərinin möhkəmləndirilməsi və beynəlxalq turistlərin cəlb olunmasına xidmət edir.
- Azərbaycandan Özbəkistana və Özbəkistandan Azərbaycana turistlərin cəlb olunması istiqamətində hansı tədbirlər görülür?
- Özbəkistan və Azərbaycan turizmin inkişafı və qarşılıqlı turist axınının artırılması üçün bir sıra təşəbbüslər həyata keçirir ki, bu da öz növbəsində iki ölkə arasında mədəni, humanitar və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Birincisi, Özbəkistan və Azərbaycan arasında turistlər üçün viza rejiminin mövcud olmaması, ortaq tarix, mentalitetlər arasındakı bənzərlik və dil baryerlərinin olmaması hər iki ölkəyə səyahət zamanı üstünlük qazandırır. Bundan əlavə «Uzbekistan Airways» və «Azal» aviaşirkətləri Daşkənd və Bakını birləşdirən bir neçə aviareys həyata keçirir. Mütəmadi olaraq Özbəkistanın və Azərbaycanın mədəniyyət günləri kimi birgə mədəni-kütləvi tədbirlər və festivallar təşkil olunur ki, bu da mədəni mübadilənin inkişafına səbəb olur, eləcə də mədəni turizmlə maraqlanan turistlərin cəlb olunmasını təşviq edir.
Özbəkistan Azərbaycanın mədəni irs nümunələrinin, eləcə də təbiət gözəllikləri, tarixi, mədəniyyəti, kulinariyası və ənənələrini təşviq etmək yolu ilə ölkənizin turizm potensialını təbliğ edir.
Özbəkistanın turizm operatorları Azərbaycan vətəndaşları üçün tarixi məkanlara səyahət, milli mətbəx və ənənələrlə tanışlıq tədbirlərinin daxil olduğu xüsusi turizm paketlərini təklif edir. Tərəflər hər iki ölkədə keçirilən turizm sərgiləri, forum, festival və digər tədbirlərdə fəal şəkildə iştirak edirlər.
- Özbəkistanla Azərbaycanın vətəndaşları üçün turist səfərlərinin sadələşdirilməsi məqsədilə hansı tədbirlər həyata keçirilib?
- Hazırda Özbəkistanla Azərbaycan arasında turizm sahəsinin inkişafı ilə bağlı hər hansı əhəmiyyətli çətinlik müşahidə olunmur. Əsas məsələlərdən biri olan viza rejimi məsələsi artıq həll olunub və hər iki ölkə arasında vizasız gediş-gəliş rejimi tətbiq olunub. Bu isə turistlərin hərəkətini əhəmiyyətli dərəcədə sadələşdirir. Mövcud planlar isə turizm infrastrukturunun müasirləşdirilməsi, yeni birgə turizm marşrutlarının hazırlanması və nəqliyyat əlaqələrinin genişləndirilməsinə əsaslanır. Bunlarla yanaşı, turizm sahəsinin marketinqlə əlaqəli birgə kampaniyalar, forum və mədəniyyət tədbirlərinin keçirilməsi kimi konkret addımlar atılır ki, bunlar da turizm potensialının daha geniş şəkildə təbliği məqsədi daşıyır. Bu proseslər turizm sahəsinin dayanıqlı inkişafına xidmət edir və gələcək üçün daha geniş imkanlar açır.
- Vizasız gediş-gəliş rejiminin tətbiqi və yeni birbaşa təyyarə reyslərinin açılması hər iki ölkə arasında turist axınına necə təsir göstərəcək?
- Viza siyasəti və nəqliyyat əlaqələrində baş verən dəyişikliklər Özbəkistanla Azərbaycan arasında turizmin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Birincisi, vizasız rejimin tətbiqi də daxil olmaqla, viza prosedurlarının sadələşdirilməsi hər iki ölkə arasında turist axınını əhəmiyyətli dərəcədə artırıb. Bu dəyişikliklər səyyahlara öz səyahətlərini asan və sürətli şəkildə planlaşdırmağa kömək etməklə yanaşı, eyni zamanda, turistlərin hər iki ölkəyə olan marağını da artırır. İkincisi, Özbəkistanla Azərbaycan arasında birbaşa aviareyslərin açılması kimi yeniliklər səyahətləri daha rahat və effektiv şəkildə həyata keçirməyə imkan verir. "Uzbekistan Airways" və "Azal" aviaşirkətləri tərəfindən həyata keçirilən birbaşa reyslər Daşkənd və Bakı şəhərlərini birləşdirib ki, bu da turist axınının artmasına səbəb olub. Nümunə üçün, 2018-ci ildə 10 565 nəfər Azərbaycan vətəndaşı Özbəkistana səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 18,16 faiz artaraq 12 367 nəfər təşkil edib. 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən bu göstərici 82,10 faiz azalmaqla, 2 213 nəfərə düşüb. 2021-ci il ərzində həmin rəqəmlərdə 30,58 faizlik artım qeydə alınıb və səfər edənlərin sayı 2 890 nəfər olub. 2022-ci ildə səfərlərin sayı 259,97 faiz artmaqla, 10 403 nəfərə yüksəlib. 2023-cü il ərzində artım səviyyəsi 4,98 faiz təşkil edib. Həmin dövrdə Özbəkistana 10 921 nəfər Azərbaycan vətəndaşı gəlib. 2024-cü ilin ilk 7 ayı ərazində bu göstərici 9 574 nəfər təşkil edib. Bütün bu məlumatlar iki ölkə arasında turizm sahəsində əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq turistlər arasında hər iki ölkənin ümumi turizm istiqaməti kimi təbliğinə şərait yaradır.
- Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
- Ölkələrimiz turizm və mədəniyyət sahələrində həm turist mübadiləsi, həm də mədəni mübadiləyə istiqamətlənən tədbirlərin təşkil olunması, həm də birgə turizm axınının inkişafı üzrə uğurlu təcrübəyə malikdir.
Hər il Özbəkistanın paytaxtında mütəmadi olaraq keçirilən Daşkənd Beynəlxalq Turizm Yarmarkası (TBTY) bu cür tədbirlərin uğurlu təşkilinə nümunə ola bilər. Növbəti analoji yarmarka 2024-cü ilin noyabrında təşkil olunacaq.
Bu tədbirdə ənənəvi olaraq Azərbaycanın turizm sahəsinin nümayəndələri də öz stendi ilə fəal şəkildə iştirak edir. Bundan əlavə Azərbaycanın nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələri də iştirak edir. Onlar hər iki ölkə arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində danışıqlar aparır.
Hər il Özbəkistanda mədəniyyət və turizm sahələrində keçiriləcək tədbirlərin təqvimi formalaşdırılır. Bu tədbirlər ölkənin müxtəlif regionlarında təşkil olunur və onlar barədə məlumat turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında geniş şəkildə yayılır. Bununla yanaşı, onlar əcnəbi qonaqlar üçün nəzərdə tutulan marşrutlara da daxil edilir. Analoji tədbirlərin sırasına «Şark taronalari», «Makom», «Baxşi», «Makom», «Lazgi» kimi festivallar, o cümlədən, Xivə və Kokandda keçirilən yemiş və lavanda festivalları, Buxarada təşkil olunan «İpək və Ədviyyatlar» festivalı və başqa festivallar daxildir.
-Özbəkistan və Azərbaycanın malik olduğu mədəni və tarixi özəlliklər turizm sahəsində təkliflərin və turizm marşrutlarının formalaşmasına nə kimi təsir göstərir?
- Özbəkistanla Azərbaycan arasında turizm marşrutlarının təbliğinə yönələn birgə marketinq kampaniyaları və aksiyalar hər iki ölkədən turistlərin cəlbinə şərait yaradan müxtəlif təşəbbüslər vasitəsilə həyata keçirilir. Bu kimi tədbirlər turizm imkanlarının effektiv təşviqinə və hər iki ölkə arasında turist axınının genişləndirilməsinə imkan yaradır.
Hər iki ölkə həm Özbəkistan, həm də Azərbaycanın görməli yerlərini özündə birləşdirən birgə turizm paketləri hazırlayır. Bu turizm paketləri hər iki ölkənin mədəni və tarixi görməli yerləri ilə maraqlanan səyyahların cəlbi üçün nəzərdə tutulub.
Ölkələrimiz arasında tarixi, habelə mədəni-humanitar əlaqələrin mövcudluğunun nümayiş etdirilməsi üçün həm Özbəkistan, həm də Azərbaycanda mütəmadi olaraq mədəniyyət tədbirləri həyata keçirilir. Bu əsnada «Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri» və «Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri»nin, habelə müxtəlif festival və sərgilərin, konsertlərin, kinofestivalların və digər mədəniyyət tədbirlərinin təşkili xoş ənənə halını alıb.
PR-kampaniyalar nüfuzlu kütləvi informasiya vasitələrinin, bloqerlərin, rəssamların, heykəltəraşların və əl əməyi ilə məşğul olan şəxslərin iştirakı ilə həyata keçirilir. Özbəkistanın turizm potensialının təbliğində iştirak edən tanınmış turizm bloqerləri və influenserlər hər iki ölkənin turizm imkanlarının işıqlandırılması məqsədilə dəvət olunur.
- Özbəkistanla Azərbaycan arasında turizm sektorunda təhsil sahəsində hansı əlaqələr mövcuddur? Azərbaycan vətəndaşlarına hansı qrantlar təqdim edilir?
- Hər iki ölkə arasında turizm sahəsində təhsil istiqamətindəki münasibətlər də inkişaf edir. Azərbaycan vətəndaşlarının Özbəkistanın Səmərqənd şəhərində yerləşən «İpək yolu» Beynəlxalq Turizm və Mədəni İrs Universitetində təhsil alan azərbaycanlı tələbələr üçün «Təqaüd» adlı qrant proqramı həyata keçirilir. 2022-2023-cü tədris ilində burada Azərbaycandan Kənan Salamzadə və Günel Quluzadə adlı iki tələbə təhsil alırdı. 2023-2024-cü illərdə isə Müstəqil Quluzadə və Aqşin Şükürzadə həmin ali təhsil ocağının tələbələridir. 2024-2025-ci tədris ilində də Azərbaycan üçün qrant yerləri ayrılıb.
Bundan əlavə, 2024-cü ilin mayında «İpək yolu» Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Bakıda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetində Türk Universitetləri Birliyinin Baş Assambleyasının iclasında iştirak edib. 2024-cü il mayın 21-dən 24-dək isə yuxarıda bəhs etdiyim universitetin Qlobal Təhsil Şöbəsi müdirinin başçılığı ilə həmin ali təhsil ocağının «Turizm» kafedrasının müəllimləri, habelə «Tarix və Mədəni İrs» kafedrasının rəhbərinin daxil olduğu nümayəndə heyəti İqtisadiyyat və Tədqiqat Layihələrinin İdarəolunması üzrə Beynəlxalq Konfrans (ISSEMR-24) çərçivəsində Bakıda səfərdə olub.
2024-cü ilin avqustunda Azərbaycan Respublikasının Xəzər Universiteti ilə «İpək yolu» Beynəlxalq Turizm və Mədəni İrs Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 2024-cü ilin sentyabrında isə ORHUN mübadilə proqramı çərçivəsində «Turizm» kafedrasının müəllimi N. Rahimova Azərbaycan Dövlət İqtisad Universitetində təcrübə keçib.
2024-cü ilin sentyabrında ORHUN mübadilə proqramı çərçivəsində 2024-2025-ci tədris ilinin payız və yaz semestrlərində Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Şəhla Qəhrəmanova «İpək yolu» Beynəlxalq Universitetində səfərdə olacaq. Mübadilə çərçivəsində «Biznes və idarəetmə» mövzusunda mühazirələr nəzərdə tutulub.
- Özbəkistanla Azərbaycan arasında turistlər üçün xidmət və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün hansı tədbirlər həyata keçirilir?
- Turizm sahəsində xidmətlərin keyfiyyətinin və Azərbaycan və Özbəkistandan olan turistlərin təhlükəsizliyinin təmin olunması məqsədilə dəqiqliklə hazırlanmış planlar mövcuddur. Birincisi, turizm infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məqsədilə bütövlükdə ölkə üzrə 183 yeni mehmanxana istifadəyə verilib. Eyni zamanda, 232 hostel də açılıb ki, bu da yerləşmə vasitələrinin ümumilikdə 5 526, yerlərin sayının isə 144 094-ə çatdırılmasına şərait yaradıb.
İkincisi, 452 ədəd ailə tipli qonaq evlərinin açılması təmin edilib. Bu da onların sayının ümumilikdə 3458, mövcud yerlərin sayını isə 30 758-ə çatdırılmasına imkan verib. Xidmət və təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması məqsədilə 810 yeni turizm təşkilatı və agentliyinin işə salınması təmin olunmaqla, onların sayı 2649-a qədər yüksəlib. Bütövlükdə ölkə üzrə 2551 nəfər turizm bələdçisi fəaliyyət göstərir və onlar turistlərə öz xidmətlərini təklif edir. Turistlər üçün əlavə imkanların yaradılması məqsədilə 2023-cü ildə 20 yeni turizm informasiya mərkəzi istifadəyə verilib. Bununla da onların sayı 173-ə çatdırılıb. Bu planlar həm turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, həm də onların təhlükəsiz və rahat səyahətinin təmin edilməsinə yönəlib. Bununla yanaşı, "World of Statistics"in versiyasına görə, 2024-cü ildə Özbəkistan səyahət üçün ən gözəl ölkələrin siyahısına daxil edilib. Bu faktor öz növbəsində ölkəni turizm cəhətdən daha da cəlbedici bir məkana çevirir.
-Hansı faktorlar Özbəkistanla Azərbaycan arasında turist axının artmasına təsir göstərir?
- Özbəkistanla Azərbaycan arasında turist axını istiqamətində aparılan təhlillər əməkdaşlıq sahəsində yüksək dinamika və artımın olduğunu göstərir. Hər iki ölkə malik olduqları ortaq mədəni və tarixi irs, habelə turistlərə olan tələb və infrastrukturun inkişafı səbəbindən qarşılıqlı turizmi aktiv şəkildə irəlilətməyə nail olur. Bu kimi tədbirlər ölkələrimiz arasında turizm sahəsində əlaqələrin möhkəmlənməsi və genişlənməsinə şərait yaradır.
Hər il qarşılıqlı turist səfərlərində artım müşahidə olunur. Bu da öz növbəsində vizasız rejimin mövcudluğu, yeni birbaşa reyslərin açılması və turizm imkanlarının aktiv təbliği sayəsində mümkün olub. Göstərilən faktorlar turist axının artmasına və ölkələr arasında əlaqələrin inkişafına xidmət edir.
Əsasən, 2023-cü ildə Azərbaycandan 15 min nəfər turist Özbəkistana səfər edib. 2024-cü ilin yanvar-avqust aylarına olan nəticələrə əsasən, Azərbaycandan olan 10 min nəfər Özbəkistana gəlib. Bu isə ölkəmizə olan marağın artdığını göstərir.
Səmərqənd, Buxara və Xivə kimi qədim tarixi abidələrə malik olan Özbəkistan Azərbaycandan olan turistlər üçün getdikcə daha cəlbedici bir istiqamətə çevrilir. Turizm sahəsində, xüsusilə də infrastrukturun müasirləşdirilməsi və hər iki ölkənin malik olduğu unikal imkanların beynəlxalq arenada təbliğinə və yeni turizm layihələrinin inkişafına yönələn əməkdaşlıq gələcək inkişaf üçün daha yaxşı perspektivlər vəd edir.
Bununla da Özbəkistanla Azərbaycan arasında turist axınını vəd etdiyi tendensiya və nəticələr ikitərəfli əlaqələrin müsbət məcrada inkişafını göstərir. Sözügedən faktor öz növbəsində mədəni və iqtisadi sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
-Özbəkistanla Azərbaycan arasında əməkdaşlıq çərçivəsində hansı yeni turist məhsulları və xidmətlərinin hazırlanması prosesi həyata keçirilir?
- Özbəkistan və Azərbaycandan olan turistləri maraqlandıra biləcək müştərək turizm məhsullarının hazırlanması üzrə bir sıra planlar mövcuddur. Onların arasında tarixi-mədəni irs nümunələrini əhatə edən birgə xüsusi turizm marşrutlarının yaradılması, hər iki ölkənin milli mətbəxinin təbliği, qastronomik turların, eləcə də mədəniyyət festivalları və forumların keçirilməsi var. Bunlarla yanaşı, ekoloji turizm və faydalı xarakter daşıyan turist səfərlərinin təşkili də gündəmdədir. Bütün bu planlar turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və hər iki ölkənin mədəni irsinin geniş şəkildə təbliğinə istiqamətlənib.