
Viləşçay su anbarından çəkilən magistral kəmərdəki qəza içməli su təchizatına təsirsiz ötüşüb - YENİLƏNİB

Viləşçay su anbarından çəkilən magistral kəmərdəki qəza içməli su təchizatına təsirsiz ötüşüb - YENİLƏNİB
Masallı rayonun ərazisində baş verən yanğın zamanı magistral su kəmərində yaranan qəza Cəlilabad rayonunun içməli su təchizatına təsirsiz ötüşüb.
Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda anbarlarda ikigünlük su ehtiyatı var.
Həmçinin vurğulanıb ki, hazırda zədələnən su kəmərində təmir işləri aparılır.
Qeyd edək ki, rayon ərazisində sözügedən anbarlar vasitəsilə Cəlilabad şəhəri və Uzuntəpə kəndi içməli su ilə təmin olunur.
Cəlilabadın Masallı ilə inzibati sərhədində taxıl sahələri yanıb.
Sakinlərin "Report"un Muğan bürosuna verdiyi məlumata görə, yanğın əvvəlcə Masallı rayonunun Güllütəpə kəndi ərazisində yerləşən biçilmiş taxıl sahələrindən başlayıb. Sonra yanğın Cəlilabad rayonunun Həziabad kəndi ərazisindəki biçilmiş taxıl sahələrinə yayılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub, yanğın söndürülüb.
Hadisə nəticəsində Cəlilabadın Həziabad kəndi ərazisində 15 hektara yaxın biçilmiş taxıl sahəsinin yandığı bildirilir. Həmçinin yanğın zamanı Cəlilabad rayonunu içməli su ilə təmin Viləşçay su anbarından çəkilən magistral su kəməri də zədələnib. Hazırda kəmərdən içməli su ətraf əraziyə axır. Su kəmərinin bərpa olunması istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.