Yerin qitələrini Samanyolu Qalaktikası formalaşdırıb? – Alimlərdən inqilabi iddia!
Yerin qitələrini Samanyolu Qalaktikası formalaşdırıb? – Alimlərdən inqilabi iddia!
Hər şeyin başlanğıcında Yer kürəsi sadəcə yumşaq, yarım-ərintidən ibarət qaya kürəsi idi. Yüz milyonlarla il ərzində bu qaya şorbasının müəyyən hissələri bərkiyərək ilk qitələri — bu gün bildiyimiz bütün relyeflərin təməlini yaratdı. Alimlərin əksəriyyəti bu prosesin cavabının yalnız ayağımızın altında, planetimizin hərəkətli geologiyasında yatdığını düşünürdü.
Lakin Avstraliyanın Kertin Universitetinin geoloqu Kris Kirklandı tərəfindən idarə olunan tədqiqat qrupu bildirir ki, Yer bu prosesdə tək olmayıb. Onların fikrincə, qitələrin böyüməsinə daha böyük bir amil — Günəş sisteminin Samanyolu Qalaktikasının spiral qolları boyunca etdiyi uzun səyahət təsir göstərib.
Bu çox cəsarətli bir fikirdir, lakin tədqiqatçılar bu izin Yerin ən qədim minerallarında — milyardlarla il əvvəl yaranmış kiçik sirkon kristallarda həkk olunduğunu deyirlər.
"Geologiya, bəlkə də, Yer sisteminin sərhədlərini həddindən artıq dar çəkib," – deyə Kirkland bildirib. "Əsl sual Yerin geniş qalaktika ilə bağlı olub-olmaması deyil, bu əlaqələrin bizim aşkar edə biləcəyimiz qədər güclü geoloji iz buraxıb-buraxmamasıdır."
Günəş sistemi hər 250 milyon ildən bir Samanyolunun mərkəzi ətrafında dövr edərkən, təxminən hər 150-200 milyon ildən bir qalaktikanın daha yavaş hərəkət edən sıx spiral qollarından keçir. Bu keçidlər Yerin taleyində dərin izlər qoymuş ola bilər. Günəş sistemi keçid edərkən, cazibə qüvvəsi qarşılıqlı təsirləri Oort buludundakı obyektləri yerindən oynada və onları daxili Günəş sisteminə doğru yönəldərək kometalara çevirə bilərdi.
Tədqiqatçılar iddia edirlər ki, bu nəhəng toqquşmalar (komet zərbələri) qitə qabığının ilk sabit parçalarını — bu gün qitələrin formalaşdığı "toxumları" yaratmağa kömək etmiş ola bilər.
Dünyanın 11 müxtəlif qədim qitə nüvəsindən (kraton) toplanan sirkon rekordları və Hafnium, Oksigen izotopları araşdırıldıqda, qitə qabığının yaranma dövrləri ilə Günəş sisteminin qalaktikanın spiral qollarından keçdiyi vaxtların dəqiq üst-üstə düşdüyü məlum olub.
Mənbə: ScienceAlert (https://www.sciencealert.com/the-structure-of-the-milky-way-may-have-shaped-earths-continents)
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov
